Çox ciddi, yüksək səviyyəli və mükəmməl kadr islahatları həyata keçirilir

Ölkə başçısı hələ 2003-cü ildə ilk dəfə prezident seçiləndə öz seçkiqabağı platformasında, eləcə də inaqurasiyada çıxışında dedi ki, mən Azərbaycanı dünyanın ən müasir, inkişaf etmiş, demokratik yolla gedən bir ölkəsinə çevirəcəm və Azərbaycan xalqının da, hər bir vətəndaşın da prezidenti olacam. Bunu SİA-ya müsahibəsində millət vəkili Məlahət İbrahimqızı deyib.

O, xüsusilə vurğulayıb ki, doğrudan da 2003-cü ildən də bu günə qədər ölkəmizin bütün sahələrində saysıq-hesabsız uğurlar əldə olunub, nailiyyətlərə imza atılıb və bütün bu uğurlara, nailiyyətlərə də möhtərəm Prezidentimiz imza atıb.
“Mən hesab edirəm ki ölkəmizdə çox ciddi islahatlar həyata keçirilib və sonuncu dəfə prezident seçkilərində, yəni 2018-ci ildə aprel seçkisindən sonra da möhtərəm Prezidentimiz dedi ki, bu qarşıdakı illərdə Azərbaycanda bütün sahələrdə, eləcə də dövlət idarəçiliyində də, həmçinin siyasi islahatlar da həyata keçiriləcək. Yəni təkcə iqtisadi, sosial sferada deyil, eyni zamanda dövlət idarəçiliyində, hüquq sahəsində də ciddi islahatlar keçirilir və bu da göz qabağındadır ki, keçən ildən bu günə qədər çox ciddi islahatlar həyata keçirilib və biz bu islahatların şahidiyik. Eyni zamanda çox ciddi və yüksək səviyyəli, mükəmməl kadr islahatları da həyata keçirilir. Möhtərəm Prezidentimiz öz çıxışlarında da hər dəfə deyir ki, daha geniş dünyagörüşə sahib, yüksək səviyyədə təhsil almış, Azərbaycanda da yüksək nailiyyətlər əldə etmiş gənclərin idarəçiliyə gətirilməsi vacibdir və bu müddət ərzində də biz bunun şahidiyik və xüsusən son dövrdə də bu prosesin necə sürətlə getdiyini görürük. Cənab Prezident Şahin Mustafayevlə görüşdə də bu fikirləri səsləndirib ki, nəinki dövlət idarəçiliyində, iqtisadiyyat, sosial sahədə, eyni zamanda Yeni Azərbaycan Partiyasının da işində yeniliklərin olması vacibdir və biz buna inanırıq ki, olacaqdır.
Dövlətimizin güclənməsində, ölkəmizin inkişafında xüsusi xidmətləri olan qocaman, daha doğrusu zəngin təcrübəyə malik dövlət adamlarımız var və bu dövlət adamlarımız da təbii ki, möhtərəm Prezidentimizin tələblərini, mesajını çox hörmətlə, yüksək səviyyədə qəbul edirlər və bir çoxu da siyasi mədəniyyət göstərərək özləri istefa ərizəsi ilə Möhtərəm Prezidentimizə müraciət edirlər və əminəm ki, çox gözəl işlər olacaq, Azərbaycan çox gözəl uğurlara imza atacaq. Azərbaycanda gənclərin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə, yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə təmsil olunmaqları üçün çox böyük imkanlar yaradılacaq. Prezidentimiz onsuz da hər zaman gənclərə deyir ki, siz mənə güvənin və mən sizə güvənirəm. Yəni gənclərin ən yaxın dostudur möhtərəm prezidentimiz və bu mənada hesab edirəm ki, görülən işlərin hər biri ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir, təqdir olunur, dəyərləndirilir”, deyə millət vəkili Məlahət İbrahimqızı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə