"Ölkəmizdə aparılan islahatlar böyük səmərə verir" MÖVQE - ÖZƏL

"Ötən 16 ildə respublikamızın həyatı müsbət reallıqlarla səciyyələnib, ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub. Bütün bunlar Prezident İlham Əliyevin xalqın Ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultduğunu, müstəqil Azərbaycanın sükanını inamla idarə etdiyini əyani şəkildə təsdiqləyir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.

Xalqımızın müdrik, taleyüklü məqamlarda həmişə doğrunu yalnışdan ayırıb və düzgün seçim etməyi bacardığını deyən deputat söyləyib ki, Azərbaycan xalqının 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində özünün yeni Liderini siyasi varislik prinsipi əsasında müəyyənləşdirməsi ən doğru seçim idi: "Xalq seçkilərdə Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin namizədliyini dəstəkləməklə bütün dünyaya bəyan etdi ki, Ulu Öndərin siyasi irsinə, Onun yaratdığı ideya əsaslarına sadiqdir və ölkənin gələcək inkişafını bu ideyaların təntənəsində görür".

E. Quliyev söyləyib ki, Prezidenti İlham Əliyev son 16 ildə Ulu Öndərin siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib: "Bu isə Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir. Prezident İlham Əliyev respublikamızda 2018-ci il aprelin 11-də keçirilən seçkilərdən sonra andiçmə mərasimindəki nitqində bir daha qətiyyətlə vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi yol yeganə düzgün yoldur".

Azərbaycan xalqının Prezident İlham Əliyevə yüksək inam bəsləməsinin Onun apardığı uğurlu siyasətlə bağlı olduğunu vurğulayan millət vəkili qeyd edib ki, son 16 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq: “Öz növbəsində cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Xalq-iqtidar həmrəyliyi ölkəmizdə davamlı sabitliyi təmin edir ki, bu da inkişaf üçün əsas şərtlərdən biridir. Son 16 ildə Azərbaycanın iqtisadi baxımdan dünyada ən dinamik inkişaf edən ölkəyə çevrilməsi qürurverici haldır. 2003-cü ildən bəri milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib. Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 16 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir. Vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz sənayenin qeyri-neft sektorunda, həmçinin kənd təsərrüfatında qeydə alınır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə