Binəqədi rayonunda «Nəsimi dühası-650 il» adlı layihəyə start verilib

Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin «Nəsimi İli» elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar «Nəsimi dühası-650 il» adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən, mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır. Təsdiq edilmiş qrafikə uyğun tərzvə layihədə ilk olaraq, 126, 244 və 283 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbin akt zalında «Cahana sığmayan şair» adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova tədbirin hazırlanması haqqında məlumat verib.
Tədbirdə tam orta məktəb şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edilib, musiqilər səsləndirilib. Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Nəsimi dühasının zənginliyindən bəhs edərək, onun yaradıcılığının gənclərə çatdırılmasında daha təşəbbüskar olmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, xalqımız bütün ziyalı insanlarına, şair və yazıçılarına hər zaman hörmətlə, rəğbətlə yanaşıb, onların xatirəsini ehtiramla yad edib. Bu gün Nəsimi dühasını müxtəlif nümayişlərlə təqdim etməyə çalışan şagirdlər Vətənə, onun dəyərlərinə nə qədər sadiq olduqlarını göstərmiş oldular.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə