Zatulin üçün Ermənistanın marağı həmişə Rusiyanın marağından üstün olub

RF Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini K.Zatulin erməni mövzusunda yenidən aktivləşib. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu oktyabrın 22-də "Qarabağ Saatı" adlı növbəti mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, əslində bu adamın dünya görüşü və siyasi təfəkkürü Rusiya kimi çox millətli dövlət üçün uyğun deyil.

“Rusiyanın MDB məkanındakı münaqişələrə yanaşmasını vaxtilə formalaşdıran siyasətçilərdən biri də Zatulin olub. Çox millətli və çox dinli dövlət olan Rusiya prizmasından separatizmdən yayınmaq daha cəlbedicidir. Amma K.Zatulin enerjisini həmişə bütöv MDB məkanında separatçılığı gücləndirmək istiqamətində sərf edib. Özü də başa düşmək istəmir ki, bununla haçansa o, Rusiyanın da ərazisinə separatizm üçün münbit zəmin yaratmaq istiqamətində fəaliyyət göstərir. Amma K.Zatulinin Abxaziya və Cənubi Osetiya, Krım, Dnestryanı münaqişədə oynadığı rolla onun Dağlıq Qarabağ münaqişəsində oynadığı rol prinsipial fərqlənən məsələlərdir. O, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında özünü erməni siyasətçisi kimi aparıb. Bəlkə də bu onun Soçidə anadan olub, böyüməsi ilə əlaqədardır. Çünki Soçi Rusiyada erməni millətçiliyinin, erməni separatizminin dəyirmanı, bünövrəsi olub və bu gün də Soçi ermənilərinin oynadığı rol Rusiya hökumətinə artıq bəllidir. Nəzərə almaq lazımdır ki, o ermənilərin əməllərindən biri də məhz K.Zatulindir. K.Zatulin dəfələrlə sübut edir ki, Ermənistanın marağı onun üçün Rusiyanın marağından üstündür. Ermənistanda ABŞ səfirliyinin binası həcminə görə dünyada 2-ci binadır. Binanı R.Köçəryan tikdirdi, həmin dövrdə R.Köçəryanla o səfirliyin binasının tikintisində baş verənlərdən ən çox məlumatı olan adam məhz K.Zatulin idi. Zatulin Rusiyanın müvafiq dövlət orqanlarını səfirliyin binasının tikintisi ilə bağlı aldadıb və ya çaşdırıb -bu onlara aid məsələdir”, deyə politoloq vurğulayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru xatırladıb ki, Ermənistanda yaxın illərdə rus dilinə qarşı çox təhqirli və güclü kampaniya aparıldı.

“Hətta Baltikyanı dövlətlərdə rus dilinə qarşı kampaniya belə təhqirli hal almamışdı. K.Zatulin özü həmin dövrdə tutduğu mövqeni deyə bilər. Biz də deyə bilərik, Zatulin Ermənistanın mövqeyini dəstəklədi. Ermənilərin rus dilini, mədəniyyətini təhqir etməsində Kremli günahlandırdı ki, gərək ermənilər nə çalırsa, Kreml ona oynamalı idi”, deyən politoloq bir sıra məqamları acıqlayıb.

Politoloq həmçinin diqqətə çatdırıb ki, RF Xarici İşlər Nazirliyinin rəsmisi M.Zaxarova son açıqlamasında həm Dağlıq Qarabağ məsələsində, Qaregin Njde və K.Zatulinlə bağlı əsl dövlətçi mövqeyi nümayiş etdirdi.
“Əlbəttə, daha konkret danışa bilərdi. Ən azı Q.Njde ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin özünün ayrıca mövqeyi var. Rusiya Xarici İşlər Nazirliyinin 2 işçi qrupu məhz ondan ötrü Ermənistanda olub və mətbuatda yayılmış məlumatları öyrənib, sonda ortalığa mövqe qoyub. M.Zaxarova gərək o sənədin ruhuna yaxın danışardı”, deyə politoloq fikrini ifadə edib.

Politoloq Mübariz Əhmədoğlu həmçinin nəzərə çatdırıb ki, M.Zaxarova K.Zatulini başa salmağa cəhd etdi ki, onun mövqeyi Rusiya dövlətinin mövqeyi deyil. Həmçinin xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur.

“Bir müddətdən sonra K.Zatulin yenə Dağlıq Qarabağın Azərbaycana məxsusluğu fikri ilə hesablaşmayacaq. Çünki Rusiyanın dövlət maraqları onun üçün vacib deyil. Onun üçün vacib Ermənistan dövlətinin maraqlarıdır və Ermənistandan gələn bəzi naz-nemətlərdir. Bu, bank hesabları da ola bilər, digər variantlar da. Artıq biz bu sahədə nəyisə dəqiq araşdırmaq gücündə deyilik, amma çox yaxşı olardı ki, Zatulin özü bu barədə açıqlama versin”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə