“Qərbdə insanları itlərə yedirir, atlara tapdaladırlar” Fatimə Hacıbəyli

“Bəli, məhz “zorakılıq” və “vəhşilik”! Soruşuram: Siz aksiyadan sonra başı partlamış, qolu-qıçı sınmış, bədənində göyərmiş dəyənək və polis çəkməsinin izləri qalmış neçə adam saymısınız? Mən deyimmi? Sıfır!!! Bəli, sıfır, cənablar, məhz sıfır!”. SİA xəbər verir ki, bu fikirləri tanınmış ictimaiyyətçi, “Vəfa” sosial problemlərin həllinə dəstək İB-nin sədri Fatimə Hacıbəyli “Facebook” sosial şəbəkəsində oktyabrın 19-da AXCP və “Milli Şura” cütlüyünün icazəsiz aksiya keçirmək cəhdinə, eləcə də həmin aksiya barədə sosial şəbəkələrdə hüquq-mühafizə orqanları ilə bağlı ər-böhtan xarakterli məlumatlar yayanlarla bağlı yazdığı şərhində qeyd edib.

“Əmrə tabe olmayanın qollarından tutub, aparıb avtobusa mindirib, şəhərdən kənardakı qəsəbədə buraxmaq “zorakılıq” və ya “vəhşilik” deyil”, yazan Fatimə Hacıbəyli əsl zorakılığın Qərb ölkələrində baş verdiyini qeyd edib: “Zorakılıq odur ki, başqa ölkələrdə, xüsusilə də demokratik Qərbdə olduğu kimi, insanları itlərə çeynətdirir, atlara tapdaladır, beş-altı polis birdən dəyənəyinin altına salıb, tozlu palaz kimi çırpırlar”.

Xatırladaq ki, radikal müxalifət təmsilçiləri Belçikada yaşanmış polis zorakılığı ilə bağlı fotoşəkli qəsdən Azərbaycan polisinə aid etməyə cəhd göstərsələr də, onların şər və böhtanlarının ömrü uzun çəkməyib və əsl həqiqət üzə çıxıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə