"Həmsədrlər Ermənistanı yerində oturtmalıdırlar" MÖVQE - ÖZƏL

“Azərbaycan sivil ölkə olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərini normal qarşılayır, amma bu, prosesin əbədi olduğunu deməyə əsas vermir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Azərbaycanın danışıqlara hər zaman hazır olduğunu deyən politoloq söyləyib ki, ölkəmiz bütün hallarda öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan tez bir zamanda mühüm nəticə əldə etmək mümkünsüzdür: “Çünki, həmsədr ölkələr bunun üçün reallığa uyğun ifadələr səsləndirməlidirlər. Əgər onlar həqiqətən də işğal altında olan torpaqların geri qaytarılmasını istəyirlərsə, o zaman məsələnin həlli ilə bağlı konkret mövqe bildirməlidirlər”.

F. Sadıqovun fikrincə, problemin həlli ilə bağlı atılan addımlardan biri humanitar tədbirlərdir ki, bu istiqamətdə də addımların atılması vacibdir: “ Ermənistan Azərbaycanın əsir və girovlarının hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifinə qarşı çıxması həmsədrlərin vasitəçiliyi ilə danışıqların aparılmasını baltalayır. Düşmən tərəf iki nəfərin qaytarılmasını böyük problemə çevirir, sadə addımı atmaqdan çəkinir. Hesab edirəm ki, həmsdərlər bu məsələdə də Ermənistanı yerində oturtmalıdırlar. Əgər bunu edə bilmirlərsə, o zaman Azərbaycan başqa vasitələrdən istifadə edə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...