"Qanunlara tabe olmayanlarla hüquqi müstəvidə danışılacaq” ŞƏRH-ÖZƏL

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla və ölkə Konstitusiyası hər bir Azərbaycan vətəndaşı, ictimai-siyasi qurum sərbəst toplaşmaq azadlığından istifadə etmək, yararlamaq hüququna malikdir. Ötən illər ərzində də bu hüquqdan istifadə edilməsi üçün hər cür şərait yaradılıb, müvafiq məkanlar, yerlər, marşrutlar ayrılıb. Yəni, kimsənin, heç bir qurumun sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmasına zərrə qədər məhdudiyyət, qadağa qoyulmayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Azərbaycanda bəzi qüvvələr hələ də köhnə adətlərindən qurtula bilmədiyini deyən deputat bildirib ki, onların bir qismi tam şəkildə kənardan, Azərbaycanı sevməyən dairələr tərəfindən idarə olunurlar.

Onun sözlərinə görə, həmin qüvvələrə nə qədər qanunun aliliyinə riayət edilməsi, edilməyəcəyi təqdirdə isə bunun hüquqi müstəvi cavabının veriləcəyi deyilsə də, anladılsa da, onlar öz bildiklərini oxumaqda, özlərini qanunlardan yuxarı aparmağa cəhdlərini davam etdirməkdədirlər: “Demokratiyadan, qanunların aliliyindən dəm vursalar da, öz davranışları ilə demokratiyadan da, qanunlardan da çox-çox uzqalarda, kənarda olduqlarını göstərirlər. Bunun daha bir sübutu oktyabrın 19-da Milli Şura adlanan qüvvənin, radikalların Bakı şəhərində növbəti dəfə qanunsuz aksiyaya cəhd etməsində özünü göstərdi. Onlara əvvəlcədən müvafiq yer ayrıldığı və xəbərdarlıq edildiyi halda, Bakının mərkəzində qanunsuz aksiyaya, qarşıdurmaya, gərginliyə cəhd göstərməklə, həmin qüvvələr bir daha əsl məqsədlərini, məramlarını, niyyətlərini ortaya qoydular. Göstərdilər ki, onlar üçün qanunların heç bir əhəmiyyəti yoxdur, demokratiya da qətiyyən onları maraqlandırmır”.

K. Əliyeva qeyd edib ki, bu gün radikal müxalifətin qarşısında güclü, qüdrətli dövlət, böyük siyasi iradə var: “ Bu baxımdan onların istəkləri, niyyətləri baş tutan deyil və bundan sonra da baş tutmayacaq. Ölkə qanunlarla idarə olunur və hər kəs də buna tabe olmalıdır. Olmayanlarla isə qanunun dilində, hüquqi müstəvidə danışılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...