"Hüquq mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar" Əli Hüseynli

"Azərbaycanda xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir və belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifət, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasını Mərkəzi Qərargahında oktyabrın 19-da keçirilən icazəsiz aksiya ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilib: “Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən, həm sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə qanunda bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasında mövcud olan məhdudiyyətlərdir. Biz onları oradan götürərək bizim milli qanunvericiliyə köçürmüşük”.

Ə.Hüseynli bildirib ki, hüquq mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: “Təəssüf ki, Avropa İttifaqı qeyri-adekvat mövqe nümayiş etdirib, bir sıra beynəlxalq təşkilatlar bundan sonra da yəqin ki, edəcəklər. Amma Avropa İttifaqına üzv olan ölkələr Fransada, İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq, yenə də çox səbr və təmkinlə, qanun normalarına uyğun olaraq davranış nümayiş etdirib".

Komitə sədri vurğulayıb ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: “Hesab edirəm ki, xarici işlər orqanımız xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu yolverilməzdir. Hesab edirəm ki, ictimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...