"Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur" Əli Əhmədov

"Yeni Azərbaycan Partiyası olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 19-da keçirilən icazəsiz aksiya ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var: "Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi, hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilən qanunsuz yerlərdə aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir. Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərin çatdırılmasına ehtiyac var".

Ə.Əhmədov bildirib ki, qanunsuz aksiyanın dövlət başçısının oktyabrın əvvəlində bir neçə səfərlərində və Azərbaycanın 9 aylıq iqtisadi inkişafla bağlı keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil: "Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqlar təmin olunduğu kimi, kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma yaratmaq niyyətində olublar".

"Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumatlar yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqlərin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Xüsusi yerlərin ayrılması ictimai təhlükəsizliyin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan müxalifət partiyası elə bir yer seçmişdi ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq ki, bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir", - deyə o qeyd edib.

YAP rəsmisi vurğulayıb ki, mitinqin keçirilməsi cəhdi ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcud olduğunu bir daha göstərir: "Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...