"Məqsəd toqquşma və iğtişaşlar yaratmaq idi" RƏY-ÖZƏL

“Əli Kərimlinin başçılığı ilə özünü müxalifət adlandıran qrupun mitinq keçirmək istəyinə Bakı şəhəri İcra Hakimiyyəti müsbət cavab versə də, hər zaman olduğu kimi budəfə də onlar təklif olunan yerdən imtina edərək “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozdular”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, istənilən kütləvi tədbir keçirdikdə əsas məsələ asayişin qorunmasıdır: “Həm tədbir iştirakçıları, həm də tədbir iştirakçısı olmayan, sayları digərlərindən minlərlə çox olan həmin ərazidə çalışan, yaşayan, istirahət edən insanların təhlükəsizliyini fikirləşmək çox vacibdir. Radikal müxalifətə dəfələrlə həmin ərazidə mitinq keçirməyin mümkünsüzlüyü ilə bağlı xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymaraq yenə də öz bildiklərini etməyə cəhd etdilər”.

Deputat söyləyib ki, radikal müxalifət hələ də anlaya bilmir ki, nəinki onlar, heç bir vətəndaş qanunvericiliyin tələblərini poza bilməz: “ Qayda-qanun, məsuliyyət hər kəs üçündür və bu tələbələrə əməl olunmalıdır. AXCP budəfə də qanunu pozdu. Qanun keşikçiləri də haqlı olaraq, onlara tələbələri pozduqlarını izah etdilər”.

E. Məmmədov hesab edir ki, radikal müxalifətin toplantı üçün məhz metro ətrafı ərazini seçməsi mitinq xarakteri daşımırdı: “ Onların məqsədi toqquşmalar, iğtişaşlar yaratmaq, pozuculuq hərəkətlərinə yol verərək nəyəsə nail olmaq idi. Görünür onlar xaricdən olan havadarlarından belə tapşırıq almışdılar. Məqsəd Azərbaycanda olan sabitlik və stabilliyi pozmaqdır. Azərbaycan vətəndaşları bütün bunları 1990-cı illərin əvvəllərində görüblər. Ancaq bu gün ölkəmizdə dövlətçilik, qanunçuluq ciddi şəkildə qorunur. Hər kəsin haqqı və hüquq qanun çərçivəsində qorunur. Lakin heç kimə onları pozmaq icazəsi verilmir. Əgər qanunu pozursansa, müvafiq qurumlar tərəfindən onun qarşısı alınır və həmin şəxslər məsuliyyətə cəlb edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə