"Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir" AÇIQLAMA - ÖZƏL

“Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən müşavirədə də qeyd etdiyi kimi cari ildə dövlət başçısı tərəfindən imzalanan iki mühüm sosial zərf bütün kateqoriyadan olan Azərbaycan vətəndaşlarının, 4 milyon 200 mindən çox insanın pensiya, əmək haqqları, müavinətlərinin artmasına səbəb olub. Bunun üçün 5 milyardan çox əlavə maliyyə vəsaiti ayrılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Deputat söyləyib ki, cari ildə minimum əmək haqlarının bir dəfəyə qədər artması, digər əmək haqlarının da artmasına gətirib çıxarıb: “ Bununla da həm büdcədən maliyyələşən, həm də özəl sektorda çalışan insanların əmək haqları artıb. Azərbaycan əmək haqqının məbləğinə görə, MDB-də ön sırada qərarlaşıb. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də seçilən ölkədir”.

M.Quliyev qeyd edib ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir: “Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Ünvanlı sosial yardımın verilməsi, özünəməşğulluq proqramının genişlənməsi və digər bu sahədə atılan addımlar sosial müdafiəni gücləndirən amillərdir. Cənab Prezidentin son keçirilən müşavirədə söylədiyi kimi, ölkəmizdə demoqrafik artım müsbət istiqamətdədir. Artıq 10 milyonuncu vətəndaşımız dünyaya gəlib. Bu baxımdan ölkəmizdə yeni iş yerlərinin açılmasına xüsusi diqqət edilir. Ölkə başçısının da vurğuladığı kimi 120-130 min yeni iş yerlərinin açılmasına nail olmalıyıq. Ən əsası ölkədə ictimai siyasi sabitlik var. Ölkə vətəndaşlar prezidentin siyasətini tam dəstəkləyirlər. İqtidar xalq birliyi mütəşşəkil şəkildə və Azərbaycan öz inkişaf yolunu uğurla davam etdirir”.

Deputat əlavə edib ki, dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, ölkəmizdə iqtisadi sahədə əldə olunan uğurların çox hissəsi bundan sonra da sosial sahəyə sərf ediləcək, vətəndaşların rifah halı daha da yüksələcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...