“Milli Şura”nın icazəsiz aksiya cəhdinin iflasa uğrayacağı proqnozu hələ bir neçə günlər öncədən məlum idi. Sadəcə, bu məsələdə xarici ölkələrdə yaşayan vətən xainlərinin sosial şəbəkələr vasitəsi ilə canlı yayımlara çıxıb insanları itaətsizliyə çağırmaları, AXCP sədri Əli Kərimlinin və eləcə də “Milli Şura” funksionerlərinin bu və ya digər şəkillərdə var-gəllərinin nəticəsini gözləmək lazım idi və həmin nəticə də oldu – qaragüruhçuluğun iflası və məğlubiyyət. Ümumiyyətlə, oktyabrın 19-na qədərki və həmin gündə baş verən hadisələri incələyərsək, biz nələrin şahidləri oluruq?

Demokratiyadan əsər-əlamətləri yoxdur – onlar sadəcə milli satqınlar və xəyanətkarlar fəsiləsinin bör-böcəkləridirlər!

Məsələ ondadır ki, “Milli Şura”nın mitinq keçirmək üçün BŞİH-ya müraciəti cavabsız qalmadı və onlara Lökbatanda fəaliyyət göstərən, hər hansı bir aksiyanın keçirilməsi üçün kifayət qədər münbit şəraiti olan stadion təklif olundu. Lakin qaragüruhçuluğu, haray-həşiri siyasi alətlərinə çevirənlər həmin təklifdən imtina etməklə yanaşı, həm də icazəsiz küçə yürüşünün keçirilməsi qərarını verdilər. Bu isə birbaşa onların xaricdən aldıqları sifarişlərinin real sübutu oldu. O cümlədən, “Milli Şura” üzvlərinin, xüsusilə Gültəkin Hacıbəylinin bəlli diplomatik nümayəndəlik təmsilçisi ilə telefon danışığı, həmin danışıqda aldığı təlimatları və onların bir-birlərinin şərəflərinə şərab içmələri artıq nəyin-necə olduğunu, hadisələrin hansı tərəfdən idarə olunduğunu gün kimi açığa çıxardı. Sübuta yetirildi ki, özlərini “milli-demokratik düşərgə”, yaxud “demokratik düşərgənin milli şurası” adlandıran ünsürlər yığnağının millilikdən, demokratiyadan əsər-əlamətləri yoxdur – onlar sadəcə milli satqınlar və xəyanətkarlar fəsiləsinin bör-böcəkləridirlər!

İcazəsiz aksiyada qarmaqarışıqlıq salıb, hadisələri çərçivədən çıxarmaq üçün xarici ağaları onlara bütün təlimatları vermişdilər

Bu gün Azərbaycan polisinə ən ağır həqarətlər yağdıran haray-şivənçilər həm də o kəslərdirlər ki, ölkənin ictimai-siyasi sabitliyinin mühafizəsində dayanan hüquq-mühafizə orqanlarının əməkdaşları onların da təhlükəsizliklərini qoruyurlar. Ancaq fakt həm də budur ki, icazəsiz aksiyada qarmaqarışıqlıq salıb, hadisələri çərçivədən çıxarmaq üçün xarici ağaları onlara bütün təlimatları vermişdilər. Sadəcə, bir qrup başıpozuq kütlənin şəhərin gur yerində saylarını artırmaq üçün göstərdikləri cəhdləri puç oldu, xalq onları nəinki dəstəkləmədi, əksinə lənətlədi! Bəs niyə, daha hansı səbəbdən? Bu sualın da cavabı kifayət qədər bəsitdir.

İcazəsiz aksiya günü xalqın istifadə etdiyi ictimai nəqliyyatda problemlər yarandı, evlərinə, işlərinə, qonaq və s. yerlərə gedən insanlar saatlarla yollarda qaldılar. Həmin gün metronun 3 stansiyası təhlükəsizlik məqsədi ilə bir neçə saatlıq qeyri-işlək vəziyyətdə qaldı. Vətəndaşların gediş-gəlişlərinin gur olduğu yerlərdə, uşaqların əyləndikləri park və istirahət-əyləncə komplekslərində ciddi maneələr yaradıldı – və bütün bunların səbəbkarları məhz “Milli Şura” qaragüruhçuları idi!

Yeri gəlmişkən, AXCP sədri Əli Kərimlinin hələ icazəsiz aksiya başlamamışdan öncə sosial şəbəkələrdə aksiyaçılara qoşulacağı ilə bağlı statusları həqiqətən də çox gülünc bir təsir bağışladı. Özünü “lider” sayan birinin demək olar ki, hər saatın başında filan saatda çölə çıxacağam, filan saatda filan yerdə olacağam kimi yersiz fikirləri bəri başdan onun qorxaqlığının bariz göstəricisi idi.

AXCP sədrinin qorxudan ürəyi getdi və o həkimə aparıldı...

Hətta ətrafındakıların, yəni qoluna girənlərin icazəsiz aksiyaya qoşulmaq cəhdləri zamanı müşahidə edilən hallarından biri də Ə. Kərimlinin sanki zorla irəliyə dartılması idi. Bu şəxsin üzündən əməlli-başlı qorxaqlıq yağırdı və sonradan onun həmin qorxaqlığı aparıldığı polis məntəqəsində də özünü göstərdi. AXCP sədrinin qorxudan ürəyi getdi və o həkimə aparıldı. Ümumiyyətlə, həmin proseslər həm də onu göstərdi ki, bu gün bir neçə yüz nəfərin boğazlarını yırtaraq naftalin qoxusu verən köhnə şüarlarından əl çəkməmələri onların həqiqətən də küçə uşağı təfəkküründən ayılmadıqlarının göstəricisidir. Bu, həm də onların iflas günü idi – güclü və qüdrətli Azərbaycan dövlətinin dayaqlarını laxlatmağa cəhd edənlərin özlərinin laxlamaları və iflasları günü!

İflas onların həm də siyasi ölümləri deməkdir!

Sonda isə, bir gerçəkliyi vurğulamaq yerinə düşərdi. AXCP-“Milli Şura” qaragüruhçularının qanunsuz davranışları və ictimai sabitliyi pozmaq cəhdləri Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsi ilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, eləcə də, cari ilin 9 ayının yekunlarına həsr edilmiş iqtisadi müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi kifayət qədər sərt bəyanatlarından sonraya təsadüf etdi. Bu isə bir daha isbat etdi ki, müxtəlif yersiz və qrantlara hesablanmış şüarları ilə xarici qüvvələrin əllərinə işləyən satqınlar yığnağı eyni zamanda Azərbaycanın inkişafını gözü götürməyənlərə nökərçilik edirlər, ancaq onların bu nökərçilikləri göründüyü kimi, bir daha iflasa uğradı. Bu iflas onların həm də siyasi ölümləri deməkdir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...