Paşinyan vədlərinə xilaf çıxır

Paşinyan Ermənistanın hərbi büdcəsini artırmaq barədə “vədinə əməl etmir”. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu tert.am-a verdiyi müsahibədə hərbi ekspert Karen Vrtanesyan deyib.
Məlumata görə, ekspert Ermənistanın hərbi büdcəsini artırmaqla bağlı dəfələrlə bəyan edilmiş vədlərinə baxmayaraq, baş nazir Nikol Paşinyanın indi vədini unutduğu qənaətindədir.
Hərbi ekspert şənbə günü dövlət büdcəsi layihəsinə toxunaraq bəzi büdcə xərcləmələrindən də narahat olduğunu dilə gətirib.
"Biz müxalifətin silah almaq və hərbi büdcəni artırmaq üçün lazım olan miqdarları tez bir zamanda tapacağını vəd etdiyini xatırlayırıq. Onlar özləri tamamilə bu barədə unudublar. Dövlət büdcəsindən başa düşülməyən, məsələn, baş nazirin rəngarəng, bər-bəzəkli, pafoslu ifadələrini lövhələrə yazdırmaq və s. kimi xərclər edirlər. Ancaq hərbi xərclərə fikir də vermirlər”, deyə ekspert bildirib.
Azərbaycanın müdafiə və milli təhlükəsizlik büdcəsinin 20 faiz artdığını vurğulayan ekspert, Ermənistanın bundan sonra da geri qalacağını proqnozlaşdırıb. Bununla yanaşı, o, təbii sərvətlərlə zəngin olan Azərbaycanla maliyyə rəqabətinə girməkdən çəkinməyi Ermənistana, onun baş nazirinə tövsiyə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...