Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə ölkəmizin dövlət himni səsləndirilib. Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qonaqlara Dövlət Müstəqilliyi Gününün tarixi barədə məlumat verib. Müasir Azərbaycanın 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu söyləyən səfir müstəqilliyin qorunub saxlanılmasının gənc nəslin əlində olduğunu bildirib.

Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu qeyd edib.

Daha sonra gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze çıxış edib. O, müstəqilliyin əldə edilməsi ərəfəsində Azərbaycanın üzləşdiyi çətinliklərdən danışıb və qonaqların suallarını cavablandırıb.

Tədbirdə Böyük Britaniyada təhsil alan tələbələr də Dövlət Müstəqilliyi Günü ilə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...