"Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar" MÜNASİBƏT

“Bu gün Milli Şura “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni şəkildə onlar üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, istər Bakı Şəhər İcra Hakimiyyəti, istərsə də hüquq mühafizə orqanları ərazinin mitinq keçirmək üçün münasib yer olmadığını bəyan etmişdi: “Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda göstərilir ki, mitinq yalnız digərlərinin hüquqlarının pozulmasına yol açmayan yerlərdə keçirilə bilər. Amma onların təxribat yaratması səbəbindən insanların nəqliyyat hüququ pozuldu, habelə üç metro stansiyanın fəaliyyəti dayandırıldı, çox sayda avtobusun marşrut istiqaməti dəyişdirildi”.

S.Novruzov bildirib ki, onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar: “Xalq da bunu başa düşdü və gördü. İnsanlar gördü ki, onların məqsədi hər hansı məsələyə etiraz etmək yox, qarşıdurma yaratmaq, Azərbaycanın artan nüfuzuna, beynəlxalq aləmdə gördüyü işlərə, Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü və dövlət başçısı İlham Əliyevin qətiyyətli şəkildə ortaya qoyduğu erməni separatizminin ifşa olunması və sair nəzərə alıb qarşıdurma yaratmaq istəyi idi. Təbii ki, bu, onlar üçün erməni lobbisi, ayrı-ayrı fondlar, təşkilatlar və dövlətlər tərəfindən bir tapşırıq idi. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycanda qarşıdurma yaratmalı idilər. Ötən dəfə keçirilən piketdə də şahidi olduq ki, ayrılmış yer bir tərəfə qalaraq tamamilə başqa istiqamətdə təxribat törətməyə cəhd göstərdilər. Azərbaycan əhalisi çox yaşa başa düşür ki, indi 90-cı illər deyil. Odur ki, heç kim onların təxribatına uymur”.report.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə