YAP Qadınlar Şurası 3 saylı Uşaq Evində olub TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 18 oktyabr-Müstəqillik Günü münasibətilə 3 saylı Uşaq Evində olub. SİA-nın verdiyi məlumata görə, qonaqları salamlayan 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova müstəqillik tariximizin uğurlarından bəhs edib. Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə yaradılan inkişafı, tərəqqini hər bir Azərbaycan vətəndaşı, o cümlədən 3 saylı Uşaq Evinin sakinləri öz həyat səviyyələrində yaxından hiss edirlər.

Müəssisə haqqında məlumat verən M.Hüseynova qeyd etdi ki, uşaq evinin sakinləri 3-18 yaş arasındadır. Onlar dövlətimizin dəstəyi ilə hərtərəfli əhatə olunub, təhsilləri daim diqqət mərkəzindədir. 18 yaşdan sonra müstəqil həyata qədəm qoyan uşaqların hər bir qayğısı yüksək səviyyədə təmin olunur. Belə ki, əksəriyyəti ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələr verən SOCAR-da çalışır, eyni zamanda evlə təmin olunublar.

M.Hüseynova bu mühüm məqamı da böyük sevinclə qeyd edib ki, 30-dan artıq nəvəyə sahibdir. Bundan böyük sevinci təsəvvür etmək çətin deyil.

YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva isə öncə tədbir iştirakçılarını 18 oktyabr- Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycanımızın bugünkü uğurlarından, dövlətimizin siyasətində uşaqlara diqqət və qayğının əsas yer tutmasından, ən əsası təhsilin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlardan geniş bəhs edib. 3 saylı Uşaq Evinin sakinlərinə bu çağırışı etdi ki, təhsilə diqqət yetirin, gələcəkdə ali təhsil müəssisələrinə daxil olub, elmin dərinliklərinə yiyələnin, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişin.

Dövlətimizin uşaq evlərinə diqqət və qayğısından geniş bəhs edən N.Əliyeva bu istiqamətdə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edərkən uşalara qayğını, təhsilə, səhiyyəyə diqqəti xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı və layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri təqdirəlayiqdir. "Hər bir uşağın ailəyə ehtiyacı var" layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi önəmli kampaniyaların həlli istiqamətində mühüm addımlar həyata keçirilir. Atılan bu kimi addımların, gerçəkləşdirilən layihələrin əsasında bir amal dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu mühüm məqamı xüsusi qeyd etdi ki, bugünkü gündə, yəni Müstəqillik Günündə 3 saylı Uşaq Evində olmağımız səbəbsiz deyil. Burada yaşayan sakinlər bilməlidirlər ki, biz həmişə onlarlayıq. Ən əsası uşaqlar bizim gələcəyimizdir, onların sağlam, təhsilli yetişmələri üçün hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

H.Hüseynova Azərbaycanın uğurlarından danışaraq bildirdi ki, bu gün görüşünə gəldiyimiz uşaqlar fəxr etməlidirlər ki, belə qüdrətli, güclü, hərtərəfli inkişaf edən Azərbaycan kimi dövlətin vətəndaşlarıdır. Onlar böyüyəcək, sabahkı uğurları ilə ölkəmizin davamlı inkişafına öz töhfələrini verəcəklər.

Milli Məclisin deputatı Sahibə Qafarova dövlətin sosial siyasətinin əsasında uşaqlara diqqət və qayığının xüsusi yer tuduğunu bildirdi. Qeyd etdi ki, 3 saylı Uşaq Evində yaradılan şərait bir daha bu reallığa əsas verir ki, dövlətimizin bu kateqoriyadan olanlara diqqət və qayğısı prioritetdir, daim laızım olan şəraitin yaradılmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə səy göstərilir.

S.Qafarova müstəqillik tariximizin vətəndaşları olan uşaqlara uğurlar arzuladı, daim nikbin olmağı, gələcəyə daha böyük arzularla irəliləməyi tövsiyə etdi: "Arzularınız çiçək açsın. Hər br məqsədinizə çatmaq üçün səylə çalışın, oxuyun, biliyinizi, dünyagörüşünüzü zənginləşdirin. "Mən Azərbaycana layiqli vətəndaş olmalıyam" prinsipi həyatınızın əsas amalı olsun".

Çıxışlarda bu fikir ümumi vurğulandı ki, belə görüşlərin böyük əhəmiyyəti vardır. Uşaq evlərində olanlar dərk etməlidirlər ki, onlar cəmiyyətin bir üzvü kimi daim diqqətdədirlər. Onların qayğıları hər kəs tərəfindən öz qayğısı kimi qəbul olunur. Əsas olan budur ki, dövlət qayğıya ehtiyacı olan belə vətəndaşlarının daim yanında olduğunu əməli işlərlə, biri-birindən uğurlu layihələrlə, Dövlət Proqramları ilə təsdiqləyir.

Tədbir bədii proqramla davam etdi. Uşaqların ifasında səslənən şeirlər, mahnalarda bir çağırış var idi ki, bu günümüzdən sabahamıza daha böyük ümidlərlə, inamla addımlamalıyıq. Döğma Azərbaycanımız gündən-günə qüdrətlənir, bizə anamız qədər doğma olan Vətənimizin hər bir guşəsi öz füsünkar gözəlliyi ilə diqqət çəkir. Hər bir Azərbaycan vətəndaşı kimi, 3 saylı Uşaq Evinin doğma ailəsi də bu uğurlarla fəxr edir.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatı Sevinc Hüseynova, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tibbi elmləri namizədi Sara Həsənova, Azərbaycan Tibb Universitetinin professoru Rəna Əliyeva, YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Mehriban Abasquliyeva, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və başqaları iştirak edirdilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə