"Prezident hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir"

“Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı ölkəmizin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Prezident ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən ardıcıl islahatların uğurlu nəticələr verdiyini bildirərək Azərbaycanın “Doing Business” hesabatında 20 ən islahatçı ölkələr sırasında yer aldığını xüsusi vurğuladı. Dövlət başçısı həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq müvafiq tapşırıqlar verdi. Müşavirədə Prezident qeyd etdi ki, bu gün iqtidarda olan bəziləri aparılan islahatlara qarşı çıxış edirlər. Bu islahatlar həmin şəxslərin maraqlarına toxunduğu üçün onlar hər vəchlə ümumi işə, komandanın uğurlu fəaliyyətinə əngəl törətmək istəyirlər. Bu zaman isə ən müxtəlif üsullara əl atırlar ki, bunlardan biri də cənab Prezident tərəfindən yüksək etimad göstərilərək vəzifəyə təyin olunan və ötən müddət ərzində effektiv, sədaqətlə fəaliyyət göstərən yenilikçi, islahatlara meyilli və bu islahatları müvəffəqiyyətlə həyata keçirmək potensialına və iradəsinə malik kadrlara qarşı aparılan qarayaxma, şantaj kompaniyasıdır. Əlbəttə, eyni komandada təmsil olunan bir məmurun digərinə qarşı bu cür davranışı qətiyyən yolverilməzdir. Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir. Prezident isə hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir”.

H.Babaoğlu bildirib ki, sözügedən şəxslərin cənab Prezidentin xəbərdarlığından düzgün nəticə çıxararaq özlərinə çəki-düzən verəcəklərinə, bu cür qəbuledilməz davranışlardan əl çəkəcəklərinə ümid edirik: "Çünki Prezidentin də vurğuladığı kimi islahatlara alternativ yoxdur və siyasi hakimiyyətdə bu islahatları ən yüksək səviyyədə davam etdirmək üçün güclü iradə mövcuddur. Heç kim, heç bir qüvvə bu prosesə mane ola bilməyəcək. Şübhə yoxdur ki, Azərbaycan mediasının mütləq əksəriyyəti də bu islahatların daha uğurlu nəticələr verməsi, geniş auditoriyada təbliğ olunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, prosesin informasiya,ideoloji bazası rolunu oynamağa çalışır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan mediası ictimai institut kimi prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın uğurlu inkişafını təmin edən islahataları dəstəkləyir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də Azərbaycan mediasının fəaliyyətinə həmişə yüksək qiymət verib və mediamızın sərbəst fəaliyyəti üçün münbit şərait yaradılıb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, O Özü də ölkəmizdə baş verən bir çox məsələlərdən məhz Azərbaycan mətbuatı vasitəsilə xəbər tutur. Və dərhal reaksiya verərək lazımi addımları atır. Prezident İlham Əliyevin “Junalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikri Azərbaycan mətbuatının fəaliyyətinə göstərilən etimadın, jurnalistlərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısı mütəmadi olaraq ictimai fəallığın, vətəndaş təşəbbüskarlığının əhəmiyyətini qeyd edərək bu zaman yenə də mediya orqanlarının roluna diqqət çəkib. Bizim üçün təsadüf doğuran hal odur ki, bəzi “jurnalistlər” yaradılan əlverişli şəraitdən adekvat yararlanmaq əvəzinə, mediya adına heç də başucalığı gətirməyən davranışlara yol verirlər".

Sonda isə H.Babaoğlu vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin müşavirədə də bildirdiyi kimi, bu gün iqtidarda olan bəzilərinin islahatlara, islahatçı kadrlara qarşı həyata keçirdiyi kampaniyalar bir çox hallarda mediya orqanları vasitəsilə aparılır və bəzi mediya qurumları islahatlara qarşı çıxış edən məmurların əlində alət rolunu oynayırlar. Görünür, hələ də bəziləri köhnə vərdişlərindən əl çəkə, mediada bu cür çirkin fəaliyyət üsulunu davam etdirmək arzusunu cilovlaya bilmirlər. Əlbəttə, media vasitəsinin, mətbuat orqanının bu cür çirkin şantaj kampaniyasında yer alması, ona vasitəsi olması qətiyyən yol verilməzdir. Mətbuat kimlərinsə şəxsi ambisiyalarını həyata keçirmək üçün mübarizə meydanına çevrilməməlidir. Bu, hər şeydən əvvəl mənəvi, əxlaqi baxımdan doğru deyil. Digər yandan isə KİV-in hamı tərəfindən qəbul olunmuş davranış prinsiplərinin kobud sürətdə pozulması deməkdir. Düşünürəm ki, sayları məhdud olan və fəaliyyət siferası daha da daralmış olan bu qrupun qanunazidd fəaliyyətinə qarşı elə ilk növbədə Azərbaycanda klassik mediya ənənələrini əxz etmiş, dövlət və millət maraqlarını ifadə edən, eyni zamanda ölkəmizin inkişafını uğurlu islhataların həyata keçirilməsində görən mütərəqqi Azərbaycan mediası öz mövqeyini ortaya qoyacaq.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə