Fərid Şəfiyev: "Beyin mərkəzləri və ekspertlər birgə fəaliyyət göstərməlidir"

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı ölkənin beyin mərkəzləri qarşısında bir sıra öhdəliklər qoyur. SİA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda bu gün təşkil etdiyi dəyirmi masada mərkəzin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması üçün beyin mərkəzləri və ekspertlər birgə fəaliyyət göstərməlidir. Bu istiqamətdə Fərid Şəfiyev BMTM nəzdində beynəlxalq münasibətlər üzrə ekspertlərdən ibarət şəbəkənin yaradılmasını təklif edib. O, bildirib ki, şəbəkənin məqsədi ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə fəaliyyət göstərmək, müəyyən əlaqələndirmə mexanizmi yaratmaq, Azərbaycanın xarici siyasət gündəmində olan digər məsələlələ bağlı müzakirələr aparmaqdır. Fərid Şəfiyev əlavə edib ki, şəbəkəyə həm alimlər, həm media nümayəndələri, həm də dövlət qurumlarının təmsilçilərini daxil etmək nəzərdə tutulur.

“Mərkəz olaraq bir sıra təhsil ocaqları ilə əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycanla bağlı xaricdə məqalələrin çapı, araşdırmaların aparılması yetəri qədər həyata keçirilmir. Bununla bağlı bir sıra standartlar mövcuddur. Bu istiqamətdə təhsil ocaqları ilə birgə seminar təşkil etmək, birgə hədəflərimizi müəyyənləşdirmək planımızın bir hissəsidir. BMTM əməkdaşlığa açıq platformadır”, deyə BMTM-in sədri bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə