Azərbaycanın müstəqillik yolunda üzləşdiyi çətinliklər ŞƏRH-ÖZƏL

“1991-ci ilin oktyabrın 18-də Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan da digər SSRİ ölkələr kimi öz müstəqilliyini elan etdi. Lakin müstəqiliyimizin ilk illərində Azərbaycan xalqını bəlalara sürükləyən AXCP müsavat cütlüyü ölkəmizin başına min bir bəla gətirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərliyin fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi ərəfəsində, eləcə də parçalanmaq təhlükəsi yaşayırdı: “1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqda idi. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı və artıq Talış-Muğan Respublikası özünü elan etmişdi. Azərbaycan xalqı belə məsuliyyətli bir tarixi məqamda ölkəni və xalqı yaranmış dərin və genişmiqyaslı böhrandan xilas etmək üçün çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. 1993-cü ilin iyun ayının əvvəllərində Ulu Öndər Azərbaycana qayıdaraq Ali Sovetin sədri seçilərək, ölkə prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı”.

Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda atəşkəsin elan olunduğunu deyən deputat söyləyib ki, 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə geniş­miqyaslı böhran qısa müddətdə aradan qaldırılmış oldu: “Ulu Öndərin hakimiyyətə qayıdışından sonra da ölkəmizdə dövlət çevrilişinə, eləcə də Ümummilli liderə qarşı sui-qəsd cəhdləri olurdu. Lakin dahi şəxsiyyət bütün bu çətinliklərin qarşısını məharətlə alırdı. Azərbaycan xalqı da Ulu öndərin arxasında dayanıb Ona dəstək olurdu”.

Ümummilli liderin “Müstəqilliyi qazanmaq asandır, onu qorumaq çətindr” fikirlərini xatırladan C. Osmanov qeyd edib ki, Ulu öndər tərəfindən təməli qoyulan siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dünyada inkişaf etmiş ölkələr sırasına daxil olub.

Onun sözlərinə görə, ölkəmizin uğurları beynəlxalq reytinqlər, hesabatlarda özünü göstərməkdədir: “Biz beynəlxalq hesabatlara nəzərə salsaq, ölkəmizin ildən-ilə onlarla pillə irəliyərək daha yüksək nəticələr əldə etdiyinin şahidi olarıq. Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyi baxımından ən mühüm ölkələrdən birinə çevrilib, bu sahədə dövlətimizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycan ən zəngin dövrünü yaşayır. Çünki, bu illər ərzində ölkəmiz həm infrastruktur, həm iqtisadi, həm siyasi, həm sosial, həm də digər sahələrlə bağlı çox böyük uğurlar əldə edib. Əhalinin rifah halı bu illər ərzində dəfələrlə yüksəlib, yoxsulluğun səviyyəsi 5 faizə düşüb. Bu gün dünya liderləri Azərbaycan Prezidenti ilə hesablaşır. Bu da o deməkdir ki, ölkəmizdə müstəqil və balanslı siyasətini uğurla həyata keçirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə