Söz azadlığını ilk növbədə Paşinyan pozur ŞƏRH

Kentron telekanalında Ermənistan Konstitusiya Məhkəməsi rəhbərinin bacısının televiziya şousu bağlanıb. Bu barədə Ayeli mətbuat klubunun rəhbəri, teleaparıcı Anjela Tovmasyan “Kentron” telekanalındakı fəaliyyətinə xitam verildiyini açıqlayarkən özü deyib.
Məlumata görə, teleaparıcı deyib ki, “Kentron” telekanalındakı ona məxsus olan “Güzgü qarşısında” müəllif proqramı bir neçə həftədir ondan asılı olmayan səbəblərdən yayımlanmır.
“Bunun niyə baş verdiyini şərh etmək və qiymətləndirmək istəmirəm. Düşünürəm ki, hər şey aydındır. Elə oldu ki, ailəmiz Ermənistan hakimiyyətinin "sevgi və həmrəylik" hədəfinə çevrilib, amma bunu yalnız şikayət deyil, bir fakt olaraq bildirirəm. Kentron TV kanalındakı fəaliyyətimə xitam verilir. "Güzgü qarşısında" verilişinin sadiq izləyicilərinə minnətdaram. Həmçinin birlikdə uzun müddətli iş üçün "Kentron" telekanalının komandasına minnətdaram”, deyə A.Tovmasyan bildirib.

Anjela Tovmasyan özünün Facebook səhifəsində də bu barədə yazıb və yazıda qeyd edib ki, hər bir bağlanan səhifənin yeni bir səhifə açmaq üçün ilkin şərt olduğuna əminəm. O, öz səhifəsində vurğulayıb ki, deyə biləcək və edə biləcək bir şey varsa, həmişə bunu etmək üçün bir yol tapılar.
Xatırladaq ki, bir müddətdir Ermənistana məxsus mətbuat səhifələri, Anjela Tovmasyan müəllifi olduğu "Güzgü qarşısında" proqramı zamanı hakimiyyətin tənqidləri tez-tez səsləndiyini və bəzi məlumatlara görə, artıq hökumət nümayəndələrinin tələbi ilə bu proqramın dayandırıldığı barədə yazır.
Qeyd edək ki, Anjela Tovmasyan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın bacısıdır və bu da ondan xəbər verir ki, Paşinyan hakimiyyəti Anjelanın Qrayr Tovmasyanın bacısı olması səbəbindən teleaparıcının proqramını dayandırıb. Nəzərə alsaq ki, hazırda Ermənistan, şəxsən Paşinyan hakimiyyəti Qrayr Tovmasyanı hədəf olaraq seçib və onunla mübarizə aparır, bəlli olur ki, həqiqətən də teleaparıcının proqramının dayandırılması bu mübarizə səbəbindəndir. Teleaparıya, nəticədə söz azadlığına qarşı Paşinyanın hücumu göz qabağındadır və erməni baş nazir vəd etdiyi söz azadlığı hüququnu ilk növbədə özü pozur. Faktlar, ələlxüsus bu fakt özü, erməni baş nazirinin, Nikol Paşinyanın söz azadlığı, demokratiya barədə dediklərinin yalan olduğunu təsdiqləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə