"Böyük iftixar hissi ilə müstəqil dövlətin vətəndaşı olduğumuzu deyirik" RƏY-ÖZƏL

“XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, tarixi faktlar dəfələrlə sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Dövlət müstəqilliyi gündən-günə gücləndi, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr quruldu, sazişlər imzalandı, Azərbaycan beynəlxalq təşkilatların tribunalarından sözünü, mövqeyini bildirmək imkanı əldə etdi”.

N. Həmzəyev qeyd edib ki, xüsusən son illər ərzində müstəqil Azərbaycan humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə dəyərli töhfələr verdi:

“İnkaredilməz gerçəklikdir ki, bunların təməlində müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır. Bu gün ölkədə yürüdülən siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu məkan kimi tanınır. Məhz bunu üçün 18 oktyabr- Müstəqillik Günündə bütün dünya dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayır, Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edirlər”.

N. Həmzəyev qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşının vəzifəsi isə ölkəmizin dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...