"Rusiya XİN-in mövqeyi dəyişməz olaraq qalır"

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilərin vəzifəsi bu məsələnin qəti nizamlanması məqsədinə nail olmaq istiqamətində fəaliyyəti maksimum sürətləndirməkdir.

AZƏRTAC xəbər verir ki, bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə səsləndirib. O deyib: “Biz danışıqlara dair masanın üzərində olan gündəliyi əsas götürürük. Biz tərəflər və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında razılaşdırılmış sənədlərlə işləyirik. Bir vasitəçi kimi, bizim vəzifəmiz bu məsələnin qəti nizamlanması məqsədinə nail olmaq istiqamətində fəaliyyəti maksimum sürətləndirməkdir. Biz öz tərəfimizdən həmişə tərəfləri bu cür konstruktiv dialoqa çağırmışıq. Bizə elə gəlir ki, bu məsələni maksimum ardıcıl həyata keçiririk və hamını konstruktiv fəaliyyətə, bu istiqamətdə konstruktiv addımlar atmağa çağırırıq. Bizim razılaşdırılmış formullarımız, razılaşdırılmış sənədlərimiz və irəliyə doğru fəaliyyət üzrə razılaşdırılmış gündəliyimiz var”.

Rusiya XİN-in rəsmi nümayəndəsi RF Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini, Dövlət Dumasının deputatı Konstantin Zatulinin separatçı rejim tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilmiş tədbirdə iştirakı ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən daxil olmuş rəsmi sorğunu da cavablandırıb. O qeyd edib ki, Rusiya XİN-in rəsmi saytında rəsmi Bakının xüsusi icazəsi olmadan keçmiş Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı yeddi rayonun ərazisinə səfər edən Rusiya Federasiyası vətəndaşlarına Azərbaycan tərəfindən gələcəkdə Azərbaycan Respublikasının ərazisinə giriş üçün rədd cavabı veriləcəyi barədə aktual xəbərdarlıq var.

Mariya Zaxarova qeyd edib ki, Rusiya XİN-in mövqeyi dəyişməz olaraq qalır, Dağlıq Qarabağın statusuna gəldikdə isə, bu məsələ Minsk prosesi çərçivəsində danışıqlarda müəyyən edilə bilər. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin bəyanatlarına gəldikdə, Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, onlar özlərinin nöqteyi-nəzərini əks etdirir, lakin XİN və digər idarələrin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə