"Həmsədrlərin budəfəki səfəri əvvəlkilərdən fərqlənmir" AÇIQLAMA - ÖZƏL

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona intensiv xarakter alan səfərlərinin sayı itib. Çünki həmsədrlər uzun illərdi ki, regiona səfərlər edirlər. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli heç bir addım atmırlar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

O bildirib ki, həmsədrlərin budəfəki səfəri əvvəlki turist səfərindən fərqlənmir.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə fəaliyyətinin qənaətbəxş olmadığını deyən U.Rəhimoğlu söyləyib ki, regiona səfərlər yalnız nəticəsi olan zaman qaneedici olacaq: "Ola bilsin ki, həmsədrlər üçün regiona səfər etmək bir vəzifə, tapşırıqdır. Lakin onların bu cür boş səfərləri Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən insanlar üçün arzu edilən deyil. Onlar nəticə istəyir. Yurdundan yuvasından didərgin düşmüş insanlar bu məsələdə həmsədrlər tərəfindən ən azından ədalətli bəyanatlar səsləndirilməsini istəyirlər".

U. Rəhimoğlu əlavə edib ki, sanki ATƏT-in Minsk qrupu, eləcə də həmsədrlərin regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün formalaşdırılıb: "Yaxşı olardı ki, onlar öz üzərilərinə düşən əsas vəzifə, yəni Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atardılar".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə