Fransada Naxçıvanla bağlı təqdimat olub FOTOLAR

SİA NUHÇIXANA istinadən xəbər verir ki, Parisdə Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclası keçirilib. İclasda Naxçıvanla bağlı ayrıca təqdimat da olub.

Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında Naxçıvan da təmsil olunub.

İclasda hər iki ölkədən Komitənin həmsədrləri, səfirləri, diplomatları, Naxçıvan Muxtar Respublikasının nümayəndəsi, eləcə də qardaşlaşmış şəhərlərin mer və mer müavinləri iştirak ediblər.

İclasda yeni qardaşlaşacaq şəhərlərdən söz açılıb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan haqqında ətraflı məlumat verərək, onun Nuhun vətəni, bəşəriyyətin beşiyi olduğunu bildirib. Naxçıvanın tarixindən, coğrafiyasından danışaraq, onun antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngin olduğunu diqqətə çatdırıb.

Bildirib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilibdir. Müasir infrastruktur yaradılıb. Geniş turizm potensialına toxunaraq, rəngarəng landşaftın, fauna və florasnın, mineral bulaqların, müalicə mərkəzlərinin, qədim tarixin, mədəniyyət və təbiət abidələrinin, mövcud sabitliyin, ekoloji cəhətdən təmiz qida məhsullarının turizmin bir çox növünün inkişafına zəmin yaratdığı vurğulanıb. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturların Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları, eləcə də təktanrıçılıq abidəsi olan Əshabi-Kəhf hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turisti cəlb edir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıqdan söz açan daimi nümayəndə Fransada keçirilmiş bır sıra beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətlərinin də iştirak etdiyini vurğulayıb.

Qeyd olunub ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmin il Azərbaycanın "Gənclər paytaxtı" seçilmişdir. Eyni zamanda 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları muxtar respublikada səfərdə olmuşlar.

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıq vardır.

2006-cı ildən muxtar respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib.

Hazırda Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, muxtar respublikanın 50-ə yaxın orta məktəbində isə Fransız dili fənni tədris olunur. Hər il Naxçıvan Dövlət Universitetində Fransız dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə "Frankafoniya günləri" keçirilir.

Bəxtiyar Əsgərov qeyd edib ki, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgi Bakı və Lyon şəhərlərində keçirilib, sərgidə Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub.

Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında imzalanması nəzərdə tutulan Dostluq və Əməkdaşlıq Xartiyasını əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirən Bəxtiyar Əsgərov fransız tərəfini Naxçıvana dəvət edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov həmin tədbir çərçivəsində Fransanın Möntrö-Fot-Yon şəhərinin meri Ceyms Şeron ilə də görüşüb. Ceyms Şeron Bəxtiyar Əsgərovu Möntrö-Fot-Yon şəhərinə dəvət edib. Sabah həmin şəhərdə ikitərəfli görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə