“Gənclər, Əli Kərimliyə inanmayın!” Oktay Hacımusalı

“Düz 25 ildir ki, milləti küçələrə səsləyən müxalifət yenə hədəf kimi gənclərə müraciət edir, onlara arxalandığını iddia edir. Hansı gəncliyə? O gəncliyə ki, nə qədəri ömrünün ən gözəl illərini həmin bu radikalların ucbatından həbslərdə keçirdilər. Bir heç uğrunda özlərini məhv etdilər”. SİA xəbər verir ki, bu fikirləri “Facebook” sosial şəbəkəsində Türkiyədə fəaliyyət göstərən jurnalist Oktay Hacımusalı AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə insanları, xüsusilə gəncləri qeyri-sabitliyə və itaətsizliyə çağırışına cavab olaraq yazıb.

“Bədnam xarici təşkilatlara donos yazanda o gənclərin adlarını çəkdilər”

“Bəli, səhv oxumadinız, məhv etdilər”, deyə qeyd edən jurnalist hesab edir ki, Ə.Kərimli və ətrafı sırf müxalifətin mitinqlərində yetərsay tamamlamaq üçün aldatdıqları insanlardan istifadə edirlər. SİTAT: “Və bütün həyatları boyunca əldə edə biləcəklərini itirdilər. Əvəzində nə baş verdi? Ə.Kərimli və ətrafı xaricdəki antimilli qüvvələrdən daha çox qrant aldılar. Həmin gəncləri isə yada salan belə olmadı. Yox, bəzilərinin adlarını çəkdilər, ancaq o ad çəkilmə məsələsinin arxasında isə yenə özlərinin məkrli planları dayanırdı. Həmin həbs olunan gənclərin adlarından istifadə etdilər və ölkəmizə qarşı hər zaman müxtəlif bəhanələrlə təzyiqlər edən bədnam beynəlxalq təşkilatlara donos yazanda o gənclərin adlarını çəkdilər. Yalandan təəssüfləndilər guya, hallarına yandılar. Əslində isə onları istifadə edib bir kənara itələdilər əllərinin tərsi ilə”.

O.Hacımusalı yazır ki, bir dəfə də olsun onların ucbatından həbs düşən gənclərin ailələrinin yanına getmədilər: “Hansı üzlə gedəcəkdilər? Gedib nə deyəcəkdilər? "Bağışlayın, oğlunuz və ya qızınız bizim iyrənc iqtidar hərisliyimiz ucbatından həbsə girdi" deyəcəkdilər? Deyə bilməzdilər. Mən hələ sadəcə həbsdə ömürlərinin ən dəyərli illərini həbsdə keçirən gənclərimizdən danışdım. Bir də radikal müxalifətə və onların kənardan gələn qrantlarına inanıb öz gəncliklərini alayarımçıq yazar, alayarımçıq siyasətçi, alayarımçıq jurnalist olan çıxdaş edilmiş bir nəsil var. Bunlar artıq bizim sabahımız belə deyillər. Çünki radikalların fətvasına uyan və öz gəncliklərini Ə.Kərimlinin varlanmasına həsr edən itirilmiş nəsillərin hər birinin ən azından qırx yaşı var. Yalandan yel dəyirmanları ilə savaşan don kixotlar ayılanda gördülər ki, çoxdan gönü suya veriblər. Əvəzində isə müxalifət liderləri "demokratiya", "azadlıq" deyə-deyə 25 ildir övladlarına gün ağladılar. Başqa heç nə...”

“Gənclər, bunlar ölkəmizi qana çalxamaq istəyən, Azərbaycanımızda xaos və anarxiyanı qonaq gətirmək istəyən qüvvələrdir”

“İndi isə bu cənablar vampir kimi yenə də meydandadılar, sormaq üçün yeni qan axtarışındadırlar”, deyə yazan jurnalist sonda qeyd edir ki, o yeni qan gənclərimizin damarından axır: “Həmin gənclərin isə iki yolu var: ya öz bəzi sələflərinin yolundan gedərək yenə radikalların toruna düşüb ömürlərini puç edəcəklər, ya da onların xaos və anarxiya çağırışlarına qulaqlarını tıxayıb rahat bir ömür sürəcəklər. Gənclər, bunlar ölkəmizi qana çalxamaq istəyən, Azərbaycanımızda xaos və anarxiyanı qonaq gətirmək istəyən qüvvələrdir. Dünya artıq bunların görmək istədiyi dünya deyil. Artıq siz də yeni dünyanın gətirdiyi informasiya texnologiyalara dərindən yiyələnmisiniz. Baxın həmin pəncərədən dünyamıza: xaos və anarxiyanın qolboyun olduğu ölkələri bir nəzərdən keçirin. Doğulduğunuz, böyüyüb boya başa çatdığınız məmləkətin Suriyanın, Misirin, Livanın, Ukraynanın gününə düşməsini istəyirsinizmi? İstəyirsinizmi küçədə qardaşınıza sırf sizdən fərqli düşünür deyə güllə atmağı? İstəyirsinizmi ananızın gözü yaşlı qalmasını? Atanızı dərddən beli bükülmüş halda təsəvvür edirsinizmi? Siz istəməsəniz bunlar baş verməyəcək... Siz radikal müxalifətə və onun öz maraqları üçün istifadə etməsinə yox desəniz bunlar olmayacaq...

İnanmayın bunlara! Radikallara və onların ağalarına siz ancaq yetərsay üçün lazımsınız. Başqa heç nə!”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə