Əli Kərimli müxalifətin hədəfində! TƏRS BAXIŞ

Və ya AXCP sədrinin "Milli Şura" mitinq-şousu onun "mühacir biznesi"nə mənfi təsir göstərir

"Milli Şura"nın rüsvayçı piket şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Əli Kərimlini hədəfə alaraq, onu ən sərt şəkildə tənqid və təhqir etməyə başladılar. Hətta piket-şouya qədər də eyni hal yaşanırdı və əvvəlcədən "Milli Şura"nın hətta icazəli aksiyasının biabırçı nəticələrlə başa çatacağı iddia olunurdu və oldu da… Ə.Kərimli nədənsə Lökbatana getməkdən çəkindi və…

Və indi isə, daha əvvəllər verilən proqnozlar özünü doğruldur. Maraqlı məqamlardan biri də ittiham hədəfində, məhz Ə.Kərimlinin olmasıdır. Yəni "Milli Şura"nın sədri rolunda çıxış edən Cəmil Həsənli isə, ümumiyyətlə, nə saya, nə də hesaba alınır. Bu isə, ilk növbədə, belə qənaətə gəlməyə əsas verir ki, C.Həsənli Ə.Kərimlinin ipli kukla tipindəki siyasi oyuncağıdır və onu necə istəyirsə, elə də oynadır. Belə ki, düşərgə mənsublarının fikrincə, "Milli Şura"nın müxalifətin birgə mitinq təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar verməsi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir.

Bu arada AXCP sədrini daha çox və amansız şəkildə hədəfə alan digər müxalifətçi partiyalardan fərqli olaraq, Müsavat partiyasıdır. Partiyanın məclis üzvü, eləcə də, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədrini bacarıqsız, səriştəsiz və parçalayıcı şəxs olması fikrini önə sürərək, onu da iddia edib ki, Ə.Kərimli növbəti dəfə müxalifət düşərgəsinə xəyanət edib. Çünki Müsavat rəhbərliyi də daxil olmaqla, müxalifətdə olan digər partiyalar birgə mitinq keçirməyə hazırlaşdığı bir zamanda "Milli Şura"nın birgə mitinqin təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar verməsi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir.

M.Hacıbəyli "Milli Şura"nın oktyabrın 9-da keçirdiyi piket-şounu fiasko adlandıraraq, qeyd edib ki, bu uğursuzluq bütün müxalifəti rüsvay edib. Yəni Ə.Kərimlinin eqoizm xəstəliyi müsavatçıının sözügedən fikirlərlə çıxış etməsinə zəmin yaradıb: "...İsrarla nümayiş etdirilən eqoizm, səhvlərdən nəticə çıxarılmaması, bu qeydləri yazmağa vadar elədi. Özü də bilir və başqa kontekstdə etiraf edir ki, bir partiyanın fədakarlığı ölkədə köklü dəyişikliklərə nail olmaq üçün yetərli deyil. Amma yeri gəldi-gəlmədi, az qala hər nəfəsində "biz ən...", "biz yeganə..." sözlərini təkrarlayır və çıxış yolu kimi, hər kəsi AXCP üzvü olmağa çağırır. Bu eqoizmin, şəxsi və təşkilat maraqlarının ümumi maraqları üstələməsinin acısını, artıq neçənci dəfədir ki, dadmaqdayıq".

Ancaq bu kimi ittihamların AXCP sədrinə uzun illərdir ki, yağdırılmasına baxmayaraq, o, nəinki bu ittihamlardan nəticə çıxarır, üstəlik, həmin mövqeyini daha çox sərgiləməyə başlayır. Buna isə daha bir səbəb var - "siyasi mühacir" biznesini əldən verməmək marağı, bu biznes istiqamətində düşərgədaxili monopoliya qurmaq və s.

Belə olan məqamda, gəlinən nəticə budur ki, Ə.Kərimli bir əlində iki deyil, hətta üç-dörd ədəd qarpız tumağa cəhd göstərir. Ancaq onun bütün qarpızları yerə düşərək, partlayıb-dağılır. Daha dəqiq desək, təkbaşına mitinq-şoular düzəldərək, ictimai sabitliyə xələl vurmaq yolları axtaran AXCP sədri sonradan partiyasının çəkməcələrinə yğıdığı vəsiqələri satmağa çalışır. Əgər o, aksiyalarını digər formatda - müxalifətin birliyi şəklində keçirərsə, bu zaman onun ticarət dövriyyəsi azala bilər. Lakin fakt budur ki, onun bu siyasəti də köklü şəkildə fiaskoya uğrayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə