“Qaragüruh istənilən qarşıdurmaya getməkdə maraqlıdır” RƏY-ÖZƏL

"“Milli Şura”nın oktyabr ayının 8-də təşkil etdiyi piket göstərdi ki, bu qaragüruh istənilən qarşıdurmaya getməkdə maraqlıdır və bunların içərisində 50 nəfəri idarə edə biləcək kimsə də yoxdur". Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Əli Kərimli adlı uğursuz “lider” ümumiyyətlə piketə qatılmamışdı və piketdən sonra sosial şəbəkələrdə özünəməxsus pafosla qəhrəmanlıq etməkdə davam etməklə kifayətləndi: "Sosial bazası olmayan, bir qrup öyrədilmiş insandan siyasi şou yaratmaqla şəhərdə hərəkəti iflic edən bu adamlar eyforiya vəziyyətindədirlər. Adam anlamaq istəmir ki, öz çirkin ambisiyasını reallaşdırmaqla minlərlə insanın iş rejimini, rahatlığını əlindən alır, asayişi pozur. Bakı şəhər icra hakimiyyəti hərəkətin az olduğu və daha təhlükəsiz məkan kimi Lökbatanda yer təklif etdi. Bu adamlar şəhərdə hərəkətdə olan, istirahət edən insanları da öz tərəfdarları kimi təqdim etmək məqsədilə israrla mərkəzi tələb edirlər. Çünki, bunların çağırışına qoşulanlar beş yüz nəfərdən artıq deyildir. Hər zaman dediyimiz kimi bu dəfə ki fəallıqları da konkret tapşırıqların icrası və görüntü xarakterlidir. İndidən deyə bilərik ki, onların bu çağırışları mənasız və reallaşması mümkünsüz olan və bilərəkdən qarşıdurma cəhdlərindən başqa bir şey deyildir. Görünən odur ki, “Milli Şura”nın məqsədi mitinq keçirmək olsaydı onlara ayrılmış istənilən məkanda bunu reallaşdırmağa razı olacaqdılar. Razı deyillərsə və bilərək ki, hakimiyyət şəhərin mərkəzində mitinq üçün icazə verməyəcək, o halda qarşıdurmaya gedəcəkləri çağırışlarını səsləndirməklə əsl məqsədlərini dilə gətirirlər. Deməli, bunlara mitinq, siyasi çağırışlarını mitinqdə səsləndirmək deyil, qarşıdurma, xaos, stabilliyi pozmaq lazımdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə