"Prezidentin verdiyi mesajlar diqqət çəkəndir" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirtdi. Bu prezidentin nazirlərlə keçirdiyi ikinci mobil toplantı idi. Prezident əvvəlki toplantılarda Nazirlər Kabinetinin tam heyəti ilə müşavirələr keçirərdi. İkinci toplantıdır ki, ancaq mövzulara aid olan sahələrin rəhbərləri toplantıya dəvət edilir. Prezidentin budəfəki toplantıda verdiyi mesajlar da diqqəti çəkirdi". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Birincisi, Prezident ilk dəfə baş nazir postunda Norvuz Məmmədovu niyə Əli Əsədovla əvəz etməsinə aydınlıq gətirdi. Prezidentin sözlərinə görə, Əli Əsədov islahatları sürətləndirməlidir, o dövlət başçısının tapşırıqlarını yerinə yetirməli, yeni ideyalar hazırlayıb reallaşdırmalıdır. Əli Əsədovun əsas vəzifələrindən biri də Azərbaycanın xarici borcunu azaltmaq və daxili resurslar hesabına böyük layihələri reallaşdırmaqdır. Prezident həm də ondan narazıdır ki, bir sıra nazirlik və komitələr büdcələrini gərəksiz yerə şişirdilər. Bunun arxasında korrupsiya elementlərinin olduğuna prezident açıq işarə etdi. Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaları növbəti artırmına şərait yaratmalıdır.

İkincisi, prezident çıxışında iqtisadiyyatda qazanılan uğurları vurğulamaqla yanaşı ad çəkmədən bir qrup keçmiş nazirin fəaliyyətini tənqid etdi. Məsələn prezident dedi ki, son illərdə prioritet sahə kimi kənd təsərrüfatına böyük investisiyalar qoyulmasına baxmayaraq, nəticələr arzu edilən səviyyədə deyildi: “Əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”. Prezident eyni zamanda keçmiş illərdə Vergilər Nazirliyinin də fəaliyyətindən narazı qaldığını söylədi. Misal üçün qeyd edildi ki, vergilər nazirini dəyişməklə vergi yığımı artıb və bu dövlətə imkan verir ki maaşlar artırılsın. Bu o deməkdir ki, keçmiş nazirin fəaliyyəti qənaətbəxş deyildi, şəxsi maraqlar dövlət maraqlarından üstün tutulurdu. Prezident ayrıca, vergidən yayınan böyük şirkətlərə qarşı sərt tədbirlərin həyata keçirilməsini lazım bilir.

Üçüncüsü, Prezident sosial sahədə aparılan islahatlardan razıdır. Prezidentin “yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır” açıqlaması da bundan xəbər verir. ASAN xidmətdən sonra DOST xidməti sosial sahədə ən uğurlu layihədir.

Dördüncüsü, prezident hakim komandada neqativ hallardan da danışdı. Prezident bu mövzuda iki vacib fikir səsləndirdi.

Birinci fikir: “Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar”.

İkinci fikir: “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”.

Əgər Prezident hakimiyyətdə islahatlara qarşı meyllərin olduğunu və məmurların bir-birlərini ləkələmək üçün mətbuatdan istifadə etdiyini bilirsə, dövlət başçısı həmin şəxslərin kim olduğunu da bilir. Demək, bu işlə məşğul olanlar vəzifələrindən uzaqlaşdırılacaqlar. Əslində Prezidentin çıxışının bu hissəsi yaxın zamanda kadr ishalatlarının dərinləşəcəyinə işarədir. Prezident gənc kadrlardan razıdır. Bu isə o deməkdir ki, sovet-kommunist sisteminin keçmiş nomenklatur qaydaları ilə çalışmaqda davam edənləri əvəz etmək zərurəti artıb"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə