Uğurlu sosial-iqtisadi islahatlar xalqın rifahına yönəlib

Cənab İlham Əliyevin iqtisadi müşavirəsi növbəti perspektivləri önə çıxardı

Prezident İlham Əliyevin istiqamətləndirdiyi sosial-iqtisadi siyasətinin mərkəzində ilk öncə vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bu baxımdan, həm də belə bir qənaətə gəlmək olar ki, ölkə başçımızın keçirdiyi iqtisadi müşavirəsi növbəti perspektiivləri və strateji xətti önə çıxarıb.

Bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə birləşdirilərək, uğurlu nəticələr əldə olunur

Biz, elə də uzağa getməyərək, Prezident İlham Əliyevin bu ilin yayından başlayaraq təqdim etdiyi növbəti və tarixli sərəncamlarını xatırlaya, eləcə də yeni qanunvericilik təşəbbüsü reallığında və vətəndaş rifahı naminə atılan mütərəqqi addımların uğurlu nəticələrini bir daha nəzərdən keçirə bilərik.

Bütün çıxışlarında və tezislərində Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial və iqtisadi siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. O da əbəs deyil ki, müşavirədəki çıxışında dövlət rəhbərimiz demək olar ki, bütün sahələrə toxundu və qeyd etdi ki, atılan hər bir addımlar, verilən hər bir qərarlar Azərbaycan xalqı üçündür. Çünki Azərbaycan dövlətinin yürütdüyü mühüm siyasi aspekt bilavasitə insan amilidir.

Azərbaycan MDB məkanında liderlik mövqeyini qoruyub-saxlayır

Bu gün Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə yanaşı, həm də qeyri-neft sektoru da durmadan inkişaf xəttini tutub. İstər kənd təsərrüfatında, istərsə də sənayemizdə əldə edilən nailiyyətlər, önə çıxan rəqəmlər də bu reallığı kifayət qədər ehtiva etməkdədir. Qeyri-neft sektorunun 3 faizdən çox sənayedə isə 15 faizdən artıq artımın göstəricisi həm də növbəti reallığı ortaya çıxarır - Azərbaycan MDB məkanında liderlik mövqeyini qoruyub-saxlayır. Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə öncül yerə sahiblənib. Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir etməklə birbaşa ölkəmizin inkişafına xidmət edir.

Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Digər mühüm fakt: 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.

Cənab İlham Əliyev müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb

Azərbaycanda minimum əməkhaqqının artırılması beynəlxalq səviyyədə ölkəmizin reytinqinin daha da yüksəlməsinə, az maaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əmək haqlarının leqallaşmasında yeni irəliləyişlərə, dövlət və qeyri-dövlət sahələri üzrə əməkhaqqı fərqliliyin azalmasına, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına yaxınlaşmasına da öz müsbət təsirini göstərir. Minimum əməkhaqqı artımı həmçinin işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edir. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək pensiya təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bu inkişaf 2019-cu ildə də uğurla davam edir. Hələ ötən 2018-ci ilin yekunları müzakirə edilərkən dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini bildirmişdi. Qeyd edilənlərlə yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramı əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb.

Ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə kifayət qədər əminlik yaradır

Beləliklə, güclü iqtisadiyyatın məntiqi nəticəsi olaraq, Azərbaycanda mühüm sosial proqramlar da ildən-ilə genişlənir. İnsanlarımızın bütün kateqoriyaları həmin proqramlardan maksimum dərəcədə faydalanır, töhfələrini alırlar. Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə kifayət qədər əminlik yaradır.

Nəriman Əliyev,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə