Həmsədrlərin regiona səfəri nə vəd edir? RƏY-ÖZƏL

Həmsədrlərin bölgəyə səfəri gedişində pərdəarxasında nələrinsə baş verməsi mümkündür. Ancaq müşahidələrə əsasən deyə bilərəm ki, hazırkı məqamda Qarabağ probleminin həlli həmsədr ölkələrin planlarına daxil deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, hazırda həmsdərlərin planında münaqişənin həlli ilə bağlı konkret məsələlər yoxdur və bu gedişlə olmayacaq: “Uzun illərdir ki, bu proses davam edir. Bundan sonra da eynilə davam edəcək. Minsk qrupu formatı öz fəaliyyəti və yaxud fəaliyyətsizliyilə göstərdi ki, problemi həll etməyə qadir deyil. Bunu görür və müşahidə edirik”.

Politoloq söyləyib ki, həmsədrlər problemin həlli istiqamətində heç bir real iş görmür: “Deməli, bu üçlük həmin məsələni həll etmək iqtidarında deyil, ona qadir deyil. Yaxud da bunu istəmirlər. Hesab edirəm ki, üç həmsədr dövlətin birliyi problemin həllinə gətirib çıxarmayacaq. Heç onlar arasında birlik də yoxdur, formal xarakter daşıyır. Həmsədrlərin hər biri dünya siyasətində tamamilə müxtəlif mövqelərdən çıxış edən dövlətlərdir. Aralarında ciddi ziddiyyətlər var. Qlobal siyasətdə aralarında ciddi ziddiyyətin olduğu dövlətlərin Qarabağ məsələsində birləşib problemi həll edəcəyi mümkün deyil.

N. Məmmədova qeyd edib ki, həmsdər ölkələr təcavüzkarla təcavüzə məruz qalana eyni gözlə yanaşır, hətta bir sıra hallarda təcavüzkara dəstək olurlar: “Problemin həlli üçün ilk növbədə günahkar müəyyənləşməli və o cəzalandırılmalıdır. Həmsədrlər çalışır ki, münaqişəni Ermənistanın xeyrinə həll etsinlər. Ancaq bacarmırlar, çünki hüquq onların xeyrinə deyil. Ona görə də münaqişə dalana dirənib. Haqlı olanın haqqını vermək istəmirlər, haqsızı da haqlı çıxara bilmirlər. Mövcud qanunlar buna imkan vermir. Münaqişənin həlli üçün möcüzə, hansısa bir fövqəladə hal baş verməli, dövlətlərdən biri zəifləməlidir. Azərbaycan isə həddən artıq güclənib diplomatiyasını daha fərqli etməlidir. Onda bəlkə problemin həlli istiqamətində nəsə bir irəliləyiş olar. İndilikdə isə heç nə olmayacaq. Ona görə də həmsədrlərdən nəsə gözləməyinə dəyməz. Azərbaycan öz gücünü göstərməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə