"Ölkə başçısının çıxışı bəzi məmurlar üçün son şansdır" RƏY-ÖZƏL

“Azərbaycan Prezidentinin son keçirilən iqtisadi müşavirədəki çıxından da göründüyü kimi dövlət başçısı cari ilin 9 ayında əldə olunan iqtisadi uğurlardan razıdır. Səslənən rəqəmlər bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edərək, hədəflərinə doğru biraz da yaxınlaşır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

O bildirib ki, ötən 9 ay müddətində əldə olunan uğurlu nəticələrin hər birinin əsasında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dayanır.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın qarşısında dayanan əsas vəzifə iqtisadi islahatları dərinləşdirməkdir: Bu il qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması bir daha sübut edir ki, Azərbaycanda şaxələndirmə ilə bağlı tədbirlər müsbət nəticəsini verir”.

Ötən 9 ay müddətində ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına toxunan deputat söyləyib ki, ümumiyyətlə, bu sahənin inkişafı Azərbaycan dövlətinin marağındadır: “Atılan addımlar, həyata keçirilən mühüm islahatlar nəticəsində kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb. Kənd təsərrüfatı sahənin ötən illə müqayisədə nəzərə çarpacaq qədər artması dövlətin maraqlarına uyğundur. Qarşıya qoyulan hədəf kiçik və orta sahibkarlığın ÜDM-də payını 50 faizə çatdırmaqdır. Əgər biz bu hədəfə nail olsaq, o zaman qarşımıza qoyulan iqtisadi hədəflərə tam şəkildə nail olmuş olarıq”.

Ölkə başçısının son keçirilən müşavirədə Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirlərinə toxunduğunu dilə gətirən R. Quliyev qeyd edib ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də bu istiqamətdə haqlı mövqeyini ortaya qoydu: “Ölkə başçısı qeyd etdi ki, korrupsiya ilə mübarizədə vətəndaşların özləri də fəal iştirak etməlidirlər. Təəssüflə qeyd etməliyik ki, bəzi məmurlar Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətini düzgün qəbul etmirlər. Ölkə başçısı da müşavirədə qeyd etdi ki, belə məmurlarla yol getmək mümkün deyil və onlar işdən azad olunacaqlar. Hesab edirəm ki, bu bəzi məmurlar üçün bir şans idi. Onlar biləlidir ki, cəmiyyət məmurların deyil, məmurlar cəmiyyətin, xalqın maraqlarını güdməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə