Azərbaycanlı deputatdan Ermənistan parlamentinin sədrinə tutarlı CAVAB

Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququnun prinsiplərindən söz açaraq, bütün dövlətləri BMT-nin nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, gülünc və əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Barış Pınarı” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib. SİA-nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın çıxışına cavab verərək, onun çıxışlarını alt-üst edib.

K.Bayramov bildirib ki, bu gün beynəlxalq hüququ ən kobud surətdə pozan elə Ermənistandır: “Ermənistan beynəlxalq hüququ və onun universal prinsiplərinin ən kobud şəkildə pozan dövlətdir. Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən 25 ildən artıq müddət ərzində icra etmir".

A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə deputat Ermənistan parlament sədrinə Nizamnamənin 25-ci bəndində təşkilatın üzvlərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladaraq, ona bu çağırışın, ilk növbədə öz ölkəsinə ünvanlanmasını tövsiyə edib.

Kamran Bayramov əlavə edib ki, Ermənistanın baş nazirinin bir müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı verdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrin ümumiyyətlə qəbul etmədiyini göstərir. “Odur ki, beynəlxalq hüququ kobud surətdə pozan Ermənistan kimsəni ittiham etməkdənsə, ilk növbədə özü beynəlxalq hüquqa hörmət edərək, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, qonşu dövlətlərin ərazi bütvölüyünə hörmət etməlidir. Bundan sonra Ermənistan hansısa ölkəyə beynəlxalq hüquqa hörmət edib, etməməkdə ittiham edə bilər. Türkiyənin başlatdığı “Barış Pınarı” əməliyyatına gəldikdə isə deyərdim ki, Türkiyə dövləti bu gün beynəlxalq terrozimə qarşı mübarizə aparmaqla yanaşı, öz dövlətinin suverenliyinə olan təhdid və təhlükələrdən özünü müdafiə edir. Bu əməliyyat hər hansı ölkənin ərazisini işğal etməyə yox, bölgədə sülhün və sabitliyin bərpa olunmasına xidmət edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...