"Prezident Ermənistanın işğalçılıq siyasətini arqumentlərlə darmadağın etdi" ÖZƏL-MÜNASİBƏT

“Əgər biz torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, buna nə qədər haqqımız varsa, o qədər də, belə demək mümkünsə, əminliyimiz olmalıdır. Millət, ya da fərd, fərq etməz, sən əgər qarşına qoyduğun hədəf və məqsədə çatacağına əmin deyilsənsə, şübhəylə yanaşırsansa, çatmayacan. Qarşında hansı maneələr durursa-dursun, özünə əminsənsə, mütləq o maneələri aşacaqsan. Söhbət Dağlıq Qarabağ problemindən gedirsə, üstəlik onu da nəzərə almalıyıq ki, düşmənlərimiz və onlara havadarlıq edənlər də bizi izləyir və burada yazdıqlarımızdan özləri üçün nəticələr çıxarırlar”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev sosial şəbəkələrdə Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirilən bədbin fikirlərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, konkret problemə gəldikdə onu deməliyik ki, digər konfliktlərə yanaşmada böyük dövlətlərin bir hissəsi tərəflərdən birinə, o biri hissəsi digərinə dəstək vermələrinə, Dağlıq Qarabağ məsələsində isə, demək olar, hamısının işğalçıya havadarlıq etmələrinə baxmayaraq bizdə vəziyyət müsbətə doğru fərqlənir: “Məsələn, Ukraynanın, Gürcüstanın torpaq bütünlüyü şübhə altına alındığı, Krım tam ilhaq edildiyi, Abxaziya ilə Güney Osetiyanın müstəqilliklərini Rusiya başda olmaqla bəzi dövlətlər tanıdığı halda içi Ermənistan qarışıq kimsə Dağlıq Qarabağa yanaşmada belə bir addım atmayıb.

İstəmirlər, ona görəmi? Xeyr, Azərbaycanın apardığı uğurlu siyasət, onun günü-gündən artan hərbi potensialı buna mane olur. Məhz bu siyasətin nəticəsi idi ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında cənab İlham Əliyev nitq söyləyərək Ermənistanın işğalçılıq siyasətini arqumentlərlə darmadağın etdi.

Biz həmən çıxışı siyasi və yaxud da diplomatik polemika nöqteyi-nəzərindən qiymətləndirməkdən daha çox, ona diqqət yetirməliyik ki, bir zamanlar işğalçıya açıq havadarlıq edənlərin indi Dağlıq Qarabağ probleminə yanaşmada az qala Azərbaycan Prezidentinin fikirləri ilə üst-üstə düşən mövqe sərgiləmələri, yaxud da ona belə bir çıxış üçün platforma vermələri nə deməkdir. Bu uğurun arxasında uzun zəhmət, cənab Prezidentin ölçülü-biçili siyasəti, möhkəm iradəsi, qətiyəti, böyük diplomatik təcrübəsi və yüksək intellekti durur. Təbii ki, qarşı tərəfin buraxdığı səhvlər də öz təsirini göstərir.

Belə səhvlərdən cəmiyyət olaraq biz də faydalanmalıyıq. Özəlliklə də xaricdə yaşayan soydaşlarımız Ermənistanın işğalçı və nasist siyasətinin ifşa edilməsində mühüm rol oynaya bilərlər və oynamalıdırlar. Amma bütün bunlar özfəaliyət şəkilində olmamalı, atılan addımların, keçirilən tədbirlərin effektliliyi üzərində düşünülməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə