İsa Qəmbərin Müsavatın işinə müdaxiləsi sübuta yetirildi FAKT

Alya Yaqublu: “Bunu rəqiblərini çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarından təşkil etmək üçün ediblər”

Müsavat partiyasının növbəti qurultayından sonra partiya daxilində baş verən qalmaqallar növbəti faktları üzə çıxarmaqdadır. Belə ki, başqanlığa namizəd olmuş, lakin uduzdurulmuş Yadigar Sadıqlının eks-başqan İsa Qəmbəri və onun müdaxiləsi ilə ikinci dəfə başqan seçilmiş Arif Hacılını ifşa etməsi, sosial şəbəkədə bir sıra dəlilləri ortaya qoymasının ardınca, siyasi təşkilatın aparıcı funksionerlərindən olan Alya Yaqublu da illginc məsələləri ictimailəşdirib. SİA xəbər verir ki, A.Yaqublu “Facebook” sosial şəbəkəsində İ.Qəmbərin və A.Hacılının sürücülərinin Müsavatın ali nəzarət orqanı olan MNTK-na seçildiklərini bildirib. Halbuki, həmin adamların ictimai-siyasi proseslərlə bağlı heç bir bilgiləri yoxdur və o cümlədən, partiyada uzun illərdir fəaliyyət göstərən şəxslər qala-qala sürücülərin adıçəkilən partiyadaxili quruma seçilmələri təşkilatda kəskin narazılığa səbəb olmağa başlayıb.

Eks-başqan partiyanın sıravi üzvü olmasına rəğmən, Arif Hacılını idarə edir təşkilatın işlərinə qarışmaqla özünün şəxsi ambisiyalarını yürüdür

Yaqublu əlavə edib ki, İ.Qəmbərin sürücüsü digərlərindən az səs aldığı üçün əsas heyətə düşməsə belə, əgər həmin yer hər hansı səbəbdən boşalsa, o bu yerə keçərək, MNTK üzvü olacaq. Bu isə sübut edir ki, eks-başqan partiyanın sıravi üzvü olmasına rəğmən, A.Hacılını idarə edir və təşkilatın işlərinə qarışmaqla özünün şəxsi ambisiyalarını yürüdür.

Halbuki İ.Qəmbər “MSDM”in sədri olaraq dəfələrlə bəyan edib ki, onun partiyanın işlərinə müdaxiləsi ola bilməz, çünki artıq sıravi üzv kimi müsavatçılıq edir və s.

“İsa Qəmbərin sürücüsünü də MNTK üzvü etmək istəyiblər”

Bu baxımdan, A.Yaqublu qeyd edib ki, hətta İ.Qəmbərin sürücüsünün MNTK-ya birbaşa seçilməsəsi belə, məsələnin mahiyyətini dəyişmir. Bunun isə digər səbəbləri var: “Amma bu, məsələnin mahiyyətini dəyişmir. İsa Qəmbərin sürücüsünü də MNTK üzvü etmək istəyiblər. Bunu rəqiblərini çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarından təşkil etmək üçün ediblər”.

Söz yox ki, burada əsas məsələ narazı qrupların kənarlaşdırılması və partiyanın müxtəlif orqanlarına öz adamlarını təyin etmək amili dayanmaqdadır. Ona görə də, A.Yaqublu bunu belə izah edib: “Əvvəlki tərkibdə rəhbərliyin göstərişlərinə əməl etməyib qanunsuz qərarların təsdiqinə etiraz eləyən bir-iki nəfər vardı, bu dəfə heç bir başağrısına yer qoymayıblar”

“Müsavat MNTK-sının indiki tərkibi tamamən Arif Hacılı tərəfdarlarından ibarətdir”

Onun sözlərinə görə, MNTK siyasi partiyanın ən vacib qurumlarında biri, hətta birincisidir: “Partiyada qəbul edilən qərarlara qiymət vermək, onları təsdiq və ya ləğv etmək hüququ var. Məsələn, partiya üzvü haqsız şəkildə cəzalandırılanda və ya partiyadan çıxarılanda MNTK-ya müraciət edib haqqını bərpa eləyə bilər. Müsavat MNTK-sının indiki tərkibi tamamən Arif Hacılı tərəfdarlarından ibarətdir”.

Beləliklə, faktlar ortaya çıxdıqca, bir daha sübut olunur ki, özlərini “demokratiya carçısı” adlandıran İ.Qəmbər və A.Hacılı cütlüyü partiyanın seçkili orqanlarında saxtakarlıqlar etməklə yanaşı, həm də avtoritar idarəçilik mexanizmini tətbiq edirlər ki, bu da əvvəl-axır kəskin narazılıqlarla müşahidə olunmaqdadır. Məhz sonuncu qurultaydan əvvəlki ali tədbirində də eyni hallar yaşanmış, bir sıra köhnə müsavatçılar ya etiraz əlaməti olaraq istefalara getmiş, ya da partiya rəhbərliyi tərəfindən “intizamsızlıq” damğası vurularaq kənara atılmışdılar. Bütün bunlar isə bir daha sübut edir ki, istər Müsvavat partiyası olsun, istərsə də ənənəvi düşərgədə fəaliyyət göstərən digər müxalifət partiyası olsun – onların hər birində bənzər hadisələr yaşanır. Nəticədə özlərini “demokratik düşərgə” adlandıran müxalifət partiyalarının “liderləri” əslində aşkar şəkildə demokratiyadan uzaq, avtoritar adamlar olduqlarını həmin əməlləri ilə sübuta yetirmiş olurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə