"VII Zirvə Görüşü gələcək əməkdaşlıq üçün perspektivlər açır" ŞƏRH-ÖZƏL

“Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir. Bu sammit gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli perspektivlər açır. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasının 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulduğunu deyən siyasi şərhçi söyləyib ki, bu saziş ilk olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanıb.

Onun sözlərinə görə, təşkilat tək Asiya qitəsi ilə yekunlaşmır: “Artıq Macarıstanın da təşkilatda müşahidəçi status alması təşkilatın Avropa sərhədlərinə qədər uzanması deməkdir. Azərbaycanın Türk Şurasına sədrliyi dövründə bir sıra məsələlərdə, həm sosial, həm iqtisadi, həm də mədəni məsələlərdə xalqlar arasında mühüm əməkdaşlıq olub, eyni zamanda mühüm görüşlər keçirilib. Bütün bu proseslərdə iştirak etmək türk dövlətləri üçün müəyyən dividendlər gətirir”.

A. Nağıyev Bakıda keçirilən zirvə görüşündə Türk Şurasının fəxri sədri elan edilən Nursultan Nazarbayevin fikirlərini xatırladaraq vurğulayıb ki, Nazarbayev çıxışında türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazım olduğunu dilə gətirib: “Bu, artıq milli kimlik məsələsinin daha üst səviyyəyə qalxdığını göstərir”.

Xatırladaq ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə