"Türk dövlətlərinin dünya siyasətinə təsir etmək potensialı var" RƏY-ÖZƏL

“İstər tarix, istər müasir geosiyasi şərait, təbii resurslar, insan resursları və digər kriteriyalar baxımından türk dövlətlərinin dünya siyasətində söz sahibi olmaq potensialı böyükdür. Türk dövlətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Aralıq dənizi və s. dünyanın vacib bölgələrində yerləşməklə, Çin, Rusiya, Avropa Birliyi kimi aparıcı güc mərkəzləri ilə həmsərhəd olaraq, mühüm tərəfdaşlıq əlaqələrinə malik olmaqla müasir dünyanın beynəlxalq münasibətlər sistemində inteqrasiya proseslərinin fəal iştirakçısı ola bilərlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, müasir dünyada da tarix boyu olduğu kimi ümumi sivilizasiya mühüm birləşdirici amil olaraq öz təsir gücünü saxlamaqdadır: "Bu baxımdan Avropa Birliyi katolik həmrəyliyi, Ərəb Dövlətləri Birliyi ərəb dili və mədəniyyəti və digər kriteriyalar əsasında birləşib. Yəni, artıq dünyada belə bir təcrübə var. Türk dövlətlərinin belə bir təcrübə əsasında Avrasiya inteqrasiyasında iştirakı mümkündür. Bu zaman onun digər sivilizasiyalarla, xüsusilə meşə - çöl ittifaqı adlanan türk və slavyan birliyinin tərkib hissəsinə çevrilməklə böyük Avrasiya inteqrasiyasında aparıcı rola malik olması ən real variant kimi görünür”.

N. Məmmədova söyləyib ki, son illər baş verən Türkiyə - Rusiya ittifaqı, keçmiş sovet respublikaları olan Mərkəzi Asiya və Cənubi Qafqazdan Azərbaycanın türk inteqrasiyası istiqamətində mühüm addımlar atması bu birliyi reallığa çevirə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə