Viktor Orban: "Azərbaycanda gördüyüm inkişaf məni heyran edir"

"Mən tez-tez Bakıya gəlirəm. Hər gəlişimdə Azərbaycanda gördüyüm inkişaf məni heyran edir və bu münasibətlə Azərbaycan prezidentini təbrik edirəm. Sizə məni dəvət etdiyinizə görə təşəkkür edirəm". SİA-nın verdiyi xəbərə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşündə çıxış edərkən deyib.

O bildirib ki, Macarıstan Türk Şurasına təkcə təşkilatdan yararlanmaq deyil, həm də töhfə vermək üçün üzv olub: "Biz iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Bizim iqtisadiyyatımız ötən il 5 faiz artıb, bu il də artımı qarşımıza məqsəd kimi qoymuşuq. Bizimlə Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb".

Baş nazir söyləyib ki, Macarıstanın Ekzim Bankı türk dünyasının ölkələri üçün kredit xəttini açıb, sizin iş adamları bundan istifadə edə bilər: "Bu çərçivədə Azərbaycan iş adamları 80 milyon dollara yaxin kredit götürə bilər. Bundan əlavə Macarıstan hökuməti türk ölkələri gəncləri üçün təqaüdlər ayırıb, qazax gəncləri üçün 250, azərbaycanlılar üçün 200, türk gəncləri üçün 150, qırğızlar üçün 30 dollar təqaüd ayrılıb. Biz bu rəqəmləri artırmağa hazırıq".

Çıxışı zamanı Brexit mövzusuna toxunan Viktor Orban bildirib ki, britaniyalılar bu ayın axırında Brexit vasitəsilə Aİ-dan çıxacaqlar və onlarla əməkdaşlıq yeni qaydalar əsasında yenidən qurulmalı olacaq: "İndiyə qədər digər ölkələrin Britaniya ilə əməkdaşlığı Avropa İttifaqının oyun qaydalarına əsasən idarə olunurdu. Bu baxımdan Böyük Britaniya ilə bizim ölkələr arasında yeni müqavilələr bağlanmalı olacaq. Sizi diqqətli olmağa çağırıram".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə