Qarabağ dərdi hər gün müzakirə edilsin

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisdə bu gün keçirilən “Qarabağ – Azərbaycandır və nida işarəsi” mövsuzundakı dinləmələrdə Qarabağ icmasının problemlərinə toxunub. SİA xəbər verir ki, Akademiyanın rektoru qeyd edib ki, icmanın bir neçə problemi var.

“Cənab prezident bizimlə görüşündə dedi ki, siz daha da aktiv olmalısınız. Avropa Şurasında, Fransada, Moskvada olmalısınız. Ancaq siz oturmusunuz Bakıda və Şuşa üçün ağlayırsız. Açığını deyim ki, vəsait olmasa biz nə Moskvaya, nə Parisə gedə bilərik. Mən konsertlərimdə Xocalı ilə bağlı çıxış edirəm. Biz festivallar keçiririk, keflər çəkilir. Bəs bizim təbliğat məsələsində niyə vəsait yoxdur? Mən xahiş edirəm ki, bu məsələ üçün Maliyyə Nazirliyi bir az vəsait ayırsın.

Məni həmçinin telekanalların repertuarı çox narahat edir. Gündə bir əyləncə, boş-boş söhbətlər gedir. Hansısa hədd olmalıdır. Məktəblərdə birinci dərs Qarabağdan olmalıdır. Ancaq efirdə hər gün əyləncə, toydur. Süleyman əmi, Vasif Adıgözəlov yana-yana getdilər. Deyəsən, mən də elə onlar kimi yana-yana gedəcəyəm.

Mən necə xoşbəxt ola bilərəm Şuşasız, Qarabağız?! Ola bilər ki, pessimist çıxış etdim. Amma bu, həqiqətdir. Çox istərdim ki, Qarabağ dərdi hər gün müzakirə edilsin”, deyə Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə