"Birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik"

"Bizi birləşdirən ortaq söykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı təməlli fəaliyyətimiz üçün əsasdır. Türkdilli Dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitində çıxış edərkən deyib.

O bildirib ki, Türk Şurasının 7-ci zirvə görüşü Naxçıvan sazişinin 10-cu ilinə təsadüf edir: "2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatı yaradılıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur yerləşir.

Vaxtilə Zəngəzur bögəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Lakin biz qardaşlığımızı gücləndirib, əməkdaşlığımızın yeni təsisatlanmış formatını yaratdıq. Naxçıvanda qəbul etdiyimiz qərarlarla, birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik, qardaşlığımızı davam etdiririk".

Azərbaycan Prezidenti söyləyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən 10 il müddətində əhəmiyyətli inkişaf yolu keçib: "Şura ölkələrimiz arasında, siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Şuranın beynəlxalq təşilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İƏT, ATƏT və digər təşilatlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu zəngin mədəni irsimizin tədqiqi,maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyəli rol oynayır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...