Arif Hacılını təbrik etməkdə Tofiq Yaqublunun məqsədi nədir? MÜXALİFƏT

Yaxud, Yadigar Sadıqlı niyə bunu etmədi?

Müsavat partiyasının ötən həftənin sonunda keçirdiyi növbəti qurultayı da gözlənildiyi kimi səsli-küylü, qalmaqallı və qarşıdurmalar şəraitində keçdi. Belə ki, yalnız başqan seçkisi deyil, eləcə də Məclis üzvlüyünə keçirilən seçkilərdə də saxtakarlıqların baş verməsi partiyadaxili vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Məclisə seçilə bilməyənlər partiyada avtoritar idarəçiliyin və qeyri-demokratik şəraitin mövcudluğunu bəyan edərək, rəhbərlikdən hesab soracaqlarını gizlətmirlər. Xüsusilə, Müsavatın eks-başqanı İsa Qəmbərin seçki və qurultay proseslərinə müdaxiləsi, onun növbəti dəfə seçilmiş başqana - Arif Hacılıya aşkar dəstək göstərməsi, saxta yollarla rəhbər vəzifəyə seçdirməsi istər-istəməz illərini bu partiyaya həsr eləmiş müsavatçıları kəskin şəkildə hiddətləndirib.

Yadigar Sadıqlının istefa verəcəyi gün elə də uzaqda deyil, hətta an məsələsidir

Əbəs deyil ki, artıq sosial şəbəkələrdə Müsavat partiyası ironik olaraq “İsavat” adlandırılır, hətta başqanlığa namizədlərdən biri olmuş Yadigar Sadıqlı partiyanın siyasi ölümlə üzləşdiyini deyərək, “Facebook”da “başsağlığı” statusları yazır. Ümumiyyətlə, artıq Y.Sadıqlının Müsavat partiyasında başqan müavini postunda qalması mümkün görünmür və onun istefa verəcəyi gün elə də uzaqda deyil, hətta an məsələsidir.

Fəqət, Y.Sadıqlıdan fərqli olaraq, digər namizəd – Tofiq Yaqublu A.Hacılını yenidən başqan seçilməsi münasibəti ilə təbrik etdi və həmin təbrik heç də siyasi mədəniyyət, yaxud səmimiyyət göstəricisinə söykənmir. Əksinə, onun A.Hacılını təbrik etməsi arxasında partiyada vəzifə bölgüsü marağıdır.

Arif Hacılı Tofiq Yaqublu vasitəsi ilə AXCP sədri Əli Kərimliyə hansı jesti edir?

Daha dəqiq desək, T.Yaqublu Məclis sədri olmaq eşqindədir və A.Hacılı İ.Qəmbərin razılığı ilə onu həmin posta gətirəcəyini vəd edib. Bu isə sübut edir ki, T.Yaqublunun Müsavatın mehriban düşməni hesab edilən AXCP və “Milli Şura”da təmsil olunmasına baxmayaraq, onun kreslosu artıq hazırdır. Görünür, A.Hacılı məhz T.Yaqublu vasitəsi ilə AXCP sədri Əli Kərimliyə bir növ jest etdiyini sərgiləməyə çalışır, cəbhəçi sədrin yanında olan müsavatçıya loyal münasibət nümayiş etdirildiyini göstərir. Ancaq Ə.Kərimli belə bir addımı qiymətləndirməməklə yanaşı, həm də T.Yaqublunu əldən vermək istəmir. Hətta məlumatlara görə, T.Yaqublunun başqan seçilməyəcəyi halda, onun AXCP-yə transfer olunacağı, o cümlədən, sədr müavini postuna qədər gedəcəyi bildirilirdi. Ona görə də, A.Hacılı da T.Yaqublunun AXCP-yə keçməməsi üçün ona Məclis sədri vəzifəsini verəcəyini vəd edir.

Yadigar Sadıqlı “ADR”ə gedir...

Bütün bunlar isə göstərir ki, Y.Sadıqlıdan fərqli olaraq, T.Yaqublu hansı partiya olursa-olsun, orada yüksək post tutmaq marağındadır. İndi onun hansı partiyanı seçməsi öz işidir, amma fakt budur ki, onun marağı bəllidir.

Y.Sadıqlıya gəlincə, onun istefa verdikdən sonra keçmiş müsavatçıların, daha doğrusu bundan əvvəlki qurultayda baş verənlər hadisələrdən sonra istefa verən Qubad İbadoğlunun yaratdığı “ADR” hərəkatına qoşulacağı xəbərləri gəlməkdədir. Buna görə onun Q.İbadoğlu və ətrafı ilə razılaşdığı məsələsi də gündəmə gəlməkdədir. Hər halda, bu qurultayda da Müsavatdan ciddi qopmaların baş verəcəyi faktı ortadadır və zaman-zaman partiyadan yarpaq tökümləri davam edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə