"Artıq 6 ölkənin səsi bir yerdə ucalacaq" ÖZƏL-MÜNASİBƏT

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır. Milli Məclisin deputatı Azər Badamov SİA-ya açıqlamasında görüşlə bağlı bunları deyib.

“Məsələyə münasibət bildirməzdən əvvəl bu Şurada təmsil olunan bir neçə ölkənin rəhbərinin İrəvanda keçirilmiş Avroasiya İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatıldığı zaman müşahidələrimi qısa bölüşmək istəyirəm. İrəvana səfər edən Türkdilli dövlətlərin rəhbərlərinin üzündə bir məcburiyyətdən İrəvana səfər etdikləri görünürdü. Onlar İrəvanı və Paşinyanın saxta hərəkətlərini görəndə bir narahatçılıq keçirdiklərini sezmək heç də çətin deyildi. Müşahidə olunurdu ki, İrəvana səfər etmiş dövlət başçıları sanki səfərin tez bitməsini və Ermənistanı tezliklə tərk etmələrini səbirsizliklə gözləyirdilər. Amma Bakıya gələn dövlət rəhbərlərinin üzündə bir sevinc, səmimiyyət və dostluğu görməmək olmazdı. Hətta Özbəkistan Prezidentinin qeyd etdiyi kimi biz Azərbaycana səfəri səbirsizliklə gözləyirdik.

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirilir. Əslində Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi bu görüş Türkdilli yox, artıq Türk dövlətlərin Zirvə görüşünə çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına yeni ölkələrin də qatılması bu İttifaqın beynəlxalq əhəhmiyyətini artırır. Bu Şuradakı birlk və əməkdaşlıq, istək və perspektivləri dünyanın böyük beynəlxalq təşkilatları ilə müqayisə olunandır. Təbii ki, bu görüşün Bakıda keçirilməsi və sədrliyin bizə keçməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu görüş ilk növbədə dünyaya Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını nümayiş etdirir. Görüş çərçivəsində ölkələrarası iqtisadi əməkdalığın genişləndirilməsi ilə məsələlər müzakirə olunacaqdır. Ölkələrimizarası iqtisadi əməkdaşlıq imkanları potensialı çox genişdir və düşünürəm ki, Bakı görüşü bu imkanların reallaşdırılmasını sürətləndirəcəkdir. Bakı görüşünün Türkdilli dövlətlərin beynəlxalq mövqelərinin möhkənlənməsi baxımından da böyük əhəmiyyəti var. Atalar məsəli var. “Tək əldən səs çıxmaz”. Türkdilli dövlətlər tək deyil, artıq hər yerdə 6 ölkənin səsi bir yerdə ucalacaq ki, bu da ayrı-ayrılıqda hər ölkənin dünyada nüfuzunu artırır”-deyə, A.Badamov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...