"Bu əməkdaşlıqda ölkəmizin mövqeyi olduqca zəruridir" ÖZƏL-MÜNASİBƏT

"Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 7-ci zirvə toplantısında iştirak etmək üçün Bakı şəhərinə, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın baş naziri Viktor Orban, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov gəliblər. Sammitlə bağlı diqqətimi çəkən bəzi məqamları qeyd etmək istərdim". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

"1. Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizə ərəfəsində qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür.

2. Avropa parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstanın baş naziri Viktor Orbanın iştirakı, sammitin nüfuzunun artması deməkdir.

3. Xüsusi olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə birlikdə türk əməkdaşlıq şurasının işində iştirakını vurğulamaq istərdim.

Hamıya bəllidir ki, uzun illər müəyyən səbəblərə görə, Özbəkistan türk dilli ölkələrin əməkdaşlıq sammitlərində iştirak etmirdi. Ancaq yeni prezident, cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türk dilli dövlətlərin rəhbərləri belə bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar. Bu baxımdan cənab Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcəkdir.

Respublika Prezidenti İlham Əliyevin "Valday" diskussiya klubunda və Aşqabad sammitindəki tarixi faktlara söykənən və qətiyyətlə ermənilərin iç üzünü açan çıxışı, düşünürəm ki, digər dövlət başçıları üçün də bir növ presedent yaratmışdır. Heç bir şübhə yoxdur ki, onlar İlham Əliyevin timsalında etibarlı, cəsarətli , güclü lider görürlər.

4.Qazaxıstan Lideri Nursultan Nazarbayevin türk əməkdaşlıq sammitinin fəxri sədri seçilməsi isə hər bir azərbaycanlının qəlbinin səsidir. O, əsl ağsaqqal kimi, bütün səviyyələrdə prinsipiallıq göstərərək Azərbaycanın mövqeyini dəstəkləmişdir. Baxmayaraq ki, Kollektiv müdafiə, gömrük, Avrasiya ittifaqında, düşmən Ermənistanla eyni təşkilatlardadırlar, zaman zaman erməni rəhbərlərini aşağılamaqdan belə çəkinməmişdir.
Dünyada gedən prosesləri təhlil etdikdə, belə bir qənaət əldə olunur ki, gələcəkdə türk dilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək və bu əməkdaşlıqda ölkəmizin mövqeyi olduqca zəruridir və körpü yolunu oynayır. Perspektiv də Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...