Baş redaktordan Müsavatdakı seçkilərə və AXCP trollarına ironik MÜNASİBƏT + FOTO

Sənan Nəcəfov: "Bu partiyadan biri çıxıb demir ki, a kişi, gedin öz dərdinizi çəkin, ayıbınıza kor olun: 20 ildir sədriniz dəyişmir”

Ötən həftə sonu Müsavat partiyasının qurultayı, eləcə də başqanlığa və Məclis üzvlüyünə keçirilən seçkilərdən sonra, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə müxtəlif maraq doğuran fikirlər səslənməkdədir. SİA xəbər verir ki, başqanlığa namizədlərin keçirilən seçkilər barədə fikirlərini bildirərkən saxtakarlıqların olduğunu istisna etməmələri, xüsusilə sabiq başqan İsa Qəmbərin ötən qurultaylarda olduğu kimi, bu qurultayda da etdiyi müdaxiləsi əsas mövzuya çevrilib.

Sözügedən mövzu ilə bağlı qhtxeber.az saytının baş redaktoru, tanınmış jurnalist Sənan Nəcəfov “Facebook” sosial şəbəkəsində maraqlı status paylaşıb. “Məlum şəbəkə bütün "cəbhə" boyu hücuma keçib”, qeyd edən baş redaktor ölkədə keçirilən seçkilərə müxtəlif tərzdə don geyindirməyə cəhdlər göstərən ənənəvi müxalifətçilərin indi də keçirdikləri öz seçkilərini saxta saydıqlarına diqqət çəkib. “Alə, bunlar öz aralarında seçki keçirirlər, onu da saxta sayırlar”, deyə mövzuya ironik yanaşma edən Sənan Nəcəfov indi də, Əli Kərimlinin trollarının Müsavata hücum çəkdiklərini yazıb və eyham vurub ki, cəbhəçilər başqa partiyanın çatışmayan cəhətlərini tənqid etməkdənsə, AXCP-nin 20 ildir ki, dəyişməyən sədri barədə danışmalıdırlar. SİTAT: “Üstəlik başqa partiyanın trolları hər cür hoqqa ilə təsir etməyə çalışırlar. Bu partiyadan biri çıxıb demir ki, a kişi, gedin öz dərdinizi çəkin, ayıbınıza kor olun: 20 ildir sədriniz dəyişmir”.
Baş redaktor statusunun sonunda P.S. vasitəsi ilə nöqtəsini qoyub: “Nəyimə lazım, at özgənin, yəhər özgənin”.

Xatırladaq ki, Müsavat partiyasınn qurultayından sonra ən çox ənənəvi müxalifət tərəfdarları, eləcə də xaricdə yaşayan müxalifyönlülər qarşı tərəfi sözün əsl mənasında ələ salaraq, müxtəlif statuslar paylaşıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə