Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb FOTO

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğızıstan Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər. Bu xüsusda müvafiq Hökumətlərarası komissiyanın fəaliyyəti yüksək dəyərləndirilib və Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi perspektivləri üzərində dayanılıb.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər. Eyni zamanda digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edildiyi vurğulanıb.

Görüş zamanı həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...