Rəsmi Ankara Suriya qüvvələri ilə qarşıdurmanı istisna etmədi SAVAŞ

Suriya ordusu bu gün səhər saatlarında Rəqqa vilayətinin Tabaka şəhərinə daxil olub. SİA xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadin” telekanalı məlumat yayıb. Belə ki, həmin ərazilər əvvəllər kürd silahlı qruplaşmaları tərəfindən nəzarət altında idi.

“Suriyanın hökumət qüvvələri Rəqqa vilayətinin şimalında yerləşən Tabaka şəhərinə daxil olub və şimala doğru irəliləyir”, deyə telekanalın müxbiri bildirib.

Lakin Suriya hakimiyyətinin sözügedən məlumatla bağlı rəsmi bəyanatı yoxdur.

Bu arada, Türkiyə prezidentinin müşaviri Yasin Altay Türkiyə ordusunun Suriyanın hökumət qüvvələri ilə açıq qarşıdurmaya gedə biləcəyini istisna etməyib.

“Əgər Suriya ordusu indiyə qədər ölkəni parçalamağa çalışan YPG/PKK terror qruplaşmasına qarşı öz sözünü deyə bilməyibsə və Türkiyə ordusu ilə döyüşmək istəyirsə və buna qadirdirsə, onda buyursun”, deyə Altay Suriyanın şimal-şərqində baş verə biləcək silahlı qarşıdurmanın mümkün olacağını qeyd edib.

Türkiyəli rəsmi vurğulayıb ki, Suriya ordusunun döyüşmək üçün gücü yoxdur və mövcud regiona daxil olmaq, oradakı vəziyyəti gərginləşdirmək üçün öncədən düşünməlidir.

Yasin Altay rəsmi Dəməşqlə kürdlərin razılaşması məsələsinə də toxunaraq bildirib ki, bu, Türkiyəyə qarşı düşmənçiliyin təzahürüdür. Onun sözlərinə görə, Türkiyə kürd silahı qüvvələrinin Suriyanın şimal şərqində mövcudluğuna imkan verməyəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...