"Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

"Cənab Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfəri zamanı Türkmənistanın prezidenti ilə görüşməsi iki ölkə arasındakı münasibətlərin müzakirəsi və gələcək əməkdaşlığın inkişaf etdirilməsi baxımından olduqca faydalıdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkmənistan əlaqələrinin möhkəmlənməsi üçün hər iki dövlətin birinci şəxslərinin münasibətlərinin yüksək səviyyədə olması ciddi faktordur: "Xüsusilə, qonşu dövlət kimi Tükmənistanla əlaqələrin yaxşı səviyyədə olması bizim üçün olduqca önəmlidir. Hər iki xalqı yaxınlaşdıran xeyli tarixi məqamlar mövcuddur ki, bu məqamlar da əlaqələrin inkişafında ciddi faktorlardır. Belə ki, dil baxımından xalqlarımızın yaxınlığı, həmçinin dini bağlılıq, ənənə və mədəniyyət bağlığı, ortaq tarixin mövcudluğu dövlətlərarası münasibətlər üçün əlavə imkanlar deməkdir.

Hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir. Dövlət başçımızın Türkmənistana bir il bundan əvvəl etdiyi səfər münasibətləri xeyli inkişaf etdirdi və strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Cənab Prezidentin səfəri zamanı əlaqələrin inkişafına yönəlmiş 21 müqavilənin imzalanması xüsusi qeyd olunmalıdır və xüsusilə, türkmən qazının TANAP dəhlizi ilə Avropa bazarına çıxarmaq barədə danışıqlar əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı idi. Əməkdaşlığın mühüm istiqamətlərindən olan nəqliyyat-tranzit və ticarət əlaqələri iki ölkənin mövcud əməkdaşlıq imkanlarını ciddi şəkildə genişləndirməyə imkan yaradır. Qarşılıqlı əməkdaşlıq üçün əlverişli imkanlar yaradan Azərbaycan-Türkmənistan nəqliyyat marşrutudur ki, bu marşrut reallaşacağı təqdirdə yaradacağı geniş perspektivlər vardır.

İki prezidentin ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin nəticəsidir ki, artıq indiyədək dövlətlərarasıl əməkdaşlığa dair 68 sənəd imzalanmışdır. Artıq iki dost və qonşu dövlətlərin münasibətləri strateji tərəfdaşlığa söykənir və Türkənistanın əvvəlki rəhbərliyinin dövründə mövcud olan soyuq münasibətlər aradan qaldırılmış, Azərbaycan-Türkmənistan münasibətləri dinamik inkişaf etməkdədir. Bunun sübutu olaraq qeyd edə bilərik ki, iki dövlət arasında ticarət dövriyyələri ilbəil artmaqda davam edir, mədəni, elmi əlaqələr inkişaf mərhələsini yaşayır. Bilirik ki, iki dövlətin iqtisadi maraqların üst-üstə düşməsi eyni zamanda siyasi münasibətlərin inkişafında ciddi və başlıca amildir. Türkmənistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın mövqeyi vardır. Bu da bizim üçün olduqca önəmlidir.

Azərbaycan tərəfi işğalçı Ermənistan istisna olmaqla hər zaman qonşu dövlətlərlə münasibətlərin inkişafına, strateji mərhələyə yüksəldilməsinə böyük önəm verir. Bu baxımdan da, qardaş, dost və qonşu Türkmənistanla münasibətlərin yaxşı səviyyədə olması və bu istiqamətdə əldə olunan göstəricilər xarici siyasətimizin uğurudur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə