"İlham Əliyevin bəyanatını MDB-nin dövlət başçıları da dəstəkləyir və alqışlayır" - BƏHRUZ QULİYEV

"Bu, ilk olaraq Ermənistan rəhbərliyinin işğalçılıq, təcavüzkar, eləcə də, terrora dəstək siyasətinə verilən tutarlı cavab idi". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hakimiyyətini faşizm ideologiyasını təbliğ etməkdə, II Dünya müharibəsində Hitler Almaniyasına xidmət etmiş Qaregin Njdeyə abidə ucaltmaqda ittiham etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda faşizmin təbliği və qəhrəmanlaşdırılması bir daha sübut edir ki, bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq hər kəs eyni yanlış düşüncəni bölüşür: "Halbuki, dəfələrlə bu barədə danışılıb, haqlı və hiddətli etirazlar bildirilib ki, faşist qaniçəninin qəhrəmanlaşdırılması, ona abidənin ucaldılması bütövlükdə ikinci dünya müharibəsində həlak olan bütün insanların ruhlarına təhqirdir. Maraqlısı da budur ki, cənab İlham Əliyev bu yöndəki çıxışında onu da xatırladıb ki, Yerevanda erməni faşistinə ucaldılmış abidə əvvəlki hakimiyyətin-Serj Sarkisyan iqtidarınln dövründə qoyulub və bu gün Sarkisyanı əvəzləyən Paşinyan hökuməti eyni siyasəti yürüdür. Bu amil sübut edir ki, hətta sabah Paşinyan hakimiyyəti getsə, onu əvəzləyən digər iqtidar bənzər addımlarını atacaq. Belə ki, bönzər ideologiya artıq bu dövlətin içinə hopub. Təəssüf ki, bu gün faşizm ideologiyasının təbliğatını aparan Ermənistan eyni müstəvidə Azərbaycana qarşı eyni siyasəti-təcavüzkarlıq, işğalçılıq, terror siyasəti aparır. Prezident İlham Əliyev cənabları öz çıxışında əsasən bir xüsusi məqamı nəzərə çatdırdı ki, MDB məkanında, eləcə də dünyada faşizmin qəhrəmanlaşdırılmasına gərək və ehtiyac yoxdur".

"Bu gün Ermənistanda yalnız Qaregin Njde cəlladlna deyil, digər insanlıq qatillərinə, bəşər cəlladlarına də abidələr ucaldılır ki, bütün bunlar fakt olaraq göz önündədir, çünki həmin Qaregin Njdenin övladları illər sonra Xocalıda soyqırımı törədən terrorçu faşistlər olublar", deyən baş redaktor son olaraq onu da vurğulayıb ki, artıq MDB məkanında bu gerçəklik dərk edilməli, Ermənistanın həmin addımları kəskin və qəti şəkildə qınanılmalı, ittiham olunmalıdır: "Ümumiyyətlə, Qaregin Njdeyə ucaldılmış abidə götürülməli, faşizmə qarşı mübarizə aparmış insanların ruhları təhqir olunmamalıdır. Düşübürəm ki, məhz Prezident İlham Əliyevin Qaregin Njde cəlladı ilə bağlı əsaslı çıxışını və bəyanatını MDB-nin digər dövlət başçıları da dəstəkləyir və alqışlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə