“Kərimli cangüdənlərinin əhatəsində aradan çıxdı” RƏY - ÖZƏL

“Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin bir qrup təxribatçı dəstəsinin və “Milli Şura” adlanan antimilli qüvvə üzvlərinin Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında icazəli aksiyada qarşıdurma yaratmağa cəhdləri onların və liderlərinin hansı xislətə, qüvvəyə itaət etdiyini bir daha sübuta yetirdi”. Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, zatən onların kimliyi, istədikləri bəllidir: “Mən həmin aksiyanı sosial şəbəkələrdən izlədim, hətta radikallara xidmət edən mediada da görüntülərə baxdım. Ancaq onların maraqlarına xidmət edən kadrlar ictimailəşdirilmişdi. Polislər özlərinə “əl qatan” aksiya iştirakçılarını sakitləşdirmək, təhlükəsizliklərini qorumaq məqsədilə onları kənara çəkmək cəhdlərini ictimailəşdirməklə, sübut etməyə çalışırlar ki, baxın, Azərbaycanda polis vətəndaşa zor tətbiq edir. Azərbaycanda demokratiya, söz və fikir azadlığı olmadığını iddia edənlər bir Avropaya nəzər salsınlar. Azərbaycandan qaçıb Avropanın “demokratiyasına” sığınanlar məgər oradakı aksiyalarda polislərin vətəndaşlara qarşı zor tətbiq etdiklərini görmürlər? Uzaa getməyək, Fransadakı mitinqlər, yüzlərlə insanın həbsi, göz yaşardıcı qazdan, dəyənəklərdən, atlardan istifadə edərək aksiyaların dağıdılmasını bizim radikallar nə tez yaddan çıxarıblar. Rusiya, Gürcüstan, Ermənistan, İran, Yunanıstan, okeanın o tayında da, bu tayında da aksiyalar keçirilir və keçirilən hər bir aksiyada əgər təxribata yol verilirsə, təxribat xarakterli çıxışlar, hərəkətlər edilirsə, qarşıdurmaya cəhdlər olursa, təbii ki, polislər tərəfindən qarşısı alınır, özü də çox amansızlıqla. İkinci bir məqam isə, həmin aksiyada Əli Kərimlinin iştirak etməməsi, qaçıb gizlənməsi olub. 2005-ci il parlament seçkilərindən sonra "Azadlıq" siyasi blokunun Bakı şəhərində keçirdiyi davamlı mitinqləri yada salaq. Həmin hadisələrin şahidi olmuşam. Plagiat xarakterli "narıncılar" adı altında keçirilən mitinqlər keçmiş "Qələbə" kinoteatrının qarşısında olan meydanda keçirilirdi. Noyabrın 26-da keçirilən icazəli mitinqin sonunda hamını oturaq aksiyaya çağırdı. Bu isə qarşıdurmaya xidmət edirdi. Axı aksiya başa çatıb, verilən vaxt bitib. Bunu bilə-bilə Əli Kərimli hamını oturaq aksiyaya dəvət etdi. Bir çox partiya buna etiraz etsə də, gənclər aksiyaya qoşuldu, qarşıdurma yarandı və Kərimli cangüdənlərinin əhatəsində aradan çıxdı. İcazəsiz, oturaq mitinq keçirmək qərarından sonra Kərimli tərəfindən aldadılmış bir sıra şəxslər həbs olundular. Şahidi olduğum ikinci bir hadisəni xatırladım. Elə həmin ildə keçirilən mitinqlərdə Kərimli iştirak etmirdi, qərargahında pəncərədən qabağa verdiyi qadınların polislərlə qarşıdurmasını seyr edirdi... Əli Kərimli hər zaman bu taktikadan istifadə edib, gəncləri, qadınları qabağa verib. Onları qarşıdurma yaratmağa sövq edib. İcazəli aksiyada səsləndirilən şüarlara fikir verin – “Uşaq pulu verilsin!”, “Qarabağa azadlıq!”. Radikallar başa düşmürlər ki, inkişaf edən ölkələrdə həmişə sosial problemlər mövcud olub, müxtəlif formalarda. Avropanı Həmkarlar İttifaqlarının aksiyaları bürüyüb. Hökumətdən sosial azadlıqlarını tələb edirlər, maaşlarının artırılmasını tələb edirlər və s. Sosial problemlərdən istifadə edib qarşıdurma yaratmaq kimə sərf edir? Təbii ki, Kərimliyə. Sosial problemlərlə üzləşən vətəndaş problemin həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməlidir. Daha Bakı meriyasının qabağıda qışqır-bağır salmaq olmaz. İşğal olunan torpaqlarımızın geri qaytarılması məsələsinə gəldikdə isə, siyasətdən, Azərbaycanın yerləşdiyi regionda cərəyan edən siyasi prosesləri izləyən şəxs anlamalıdır ki, Qarabağı azad etmək o qədər də asan deyil. Prezident İlham Əliyevin siyasəti torpaqlarımızı qansız, itkisiz geri almaqdır. “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” (H.Cavid). Bu alınmazsa, ordumuz torpaqlarımızı geri almaq gücündədir. Ali Baş Komandamız bunu dəfələrlə ermənilərə xatırladıb. Kərimlinin bir qrup təxribatçı üzvünün icazəli aksiyalardan belə sui-istifadə edib qarşıdurma xarakterli çıxışları onların özlərinin yox, Qərbin sifarişidir. Yaxşı olardı ki, Kərimli özü həmin aksiyada iştirak edərdi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...