"Əli Kərimli və Cəmil Həsənli Paşinyana Elçibəydən daha çox xidmət göstərirlər" - SƏRT MÖVQE

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura dünən keçirilən piketdə “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini kobud şəkildə pozub. Piketi təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə maneə törətməklə keçirdilər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP icra katibinin müavini bildirib ki, öncədən bu məsələlərlə bağlı Milli Şuranın təşkilatçılarına xəbərdarlıq edilmişdi: "Piketin piket, mitinqin mitinq, yürüşün yürüş qaydası var. Əgər sən yürüş keçirmək istəyirsənsə, müraciət elə ki, yürüş keçirmək istəyirəm. Buna yer ayrılsın. Yoxsa yaxınlıqda yerləşən məktəbin ətrafında piket keçirməklə o insanların hüquqlarını pozursan... Öz hüququndan istifadə etməklə, başqasının da hüququnu pozursan”,-deyə icra katibinin müavini sözlərinə əlavə edib".

Siyavuş Novruzovun sözlərinə görə, piketdən açıq-aşkar görünürdü ki, baş verənlər təxribata hesablanmış məsələlərdir: “Qadınlar asayişi qoruyanları təhqir edib aşağılayaraq pis sözlər deyirdilər ki, polisin hər hansı biri onlara qarşılıq olaraq kobudluq etsinlər. Ancaq polislər səbr nümayiş etdirərək, onların provokasiyasına getmədilər. Bir dəstə qadını başına yığıb piket keçirtmək, yaxud da, qarşılıq yaratmaq nə deməkdir?! Bunların hamısı təxribata hesablanmış məsələlərdir”.

YAP rəsmisi piket təşkilatçılarının aksiyada iştirak etməməsinə də münasibət bildirib: “Piketin təşkilatçıları olan Milli Şura və AXCP-nin rəhbərliyindəki Əli Kərimli, Cəmil Həsənli və digərləri seyrçi mövqe tutub aksiyaya gəlmədilər. O adamları təxribat törətməyə göndərmişdilər ki, polis tərəfindən saxlanılsınlar və bunlar da bəyanat yaysınlar. Hətta piketin özündə Paşinyana haqq qazandırırdılar. Bu gün Əli Kərimli və Cəmil Həsənli Paşinyana Elçibəydən daha çox xidmət göstərirlər. Vaxtında Elçibəyə Paşinyana göstərdikləri xidmətdən göstərsəydilər, bilmək olmazdı, bu məsələlərin axırı necə olacaqdı! Azərbaycanda Paşinyanın nümayəndəsi, bəlkə də səfiri kimi çıxış edirlər. Bunların xisləti və əməlləri budur”.

Qeyd edək ki, dünən Milli Şuraya saat 15:00-dan 16:00-dək Bakı şəhər meriyasının inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirmək icazəsi verilsə də, təşkilatçılar şəhərin digər küçələrində etiraz aksiyalarına cəhd etsələr də buna imkan verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə