İnformasiya cəmiyyətin qiymətli resursudur TƏHLİL

Siyahıyaalınma uğurlu islahatlara yeni imkanlar yaradacaq

Əhalinin siyahıyaalınması hər bir ölkənin sosial-iqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi və bir sıra məsələlərin həlli baxımından vacib əhəmiyyət kəsb edir. Bu baxımdan siyahıyaalınma ümummilli əhəmiyyətə malikdir. Ona görə ki, siyahıyaalma əhalinin sosial və iqtisadi vəziyyətinə dair mühüm məlumat mənbəyidir. Həmçinin, əhalinin təhsil səviyyəsi, ailə vəziyyəti və ailənin tərkibi, ölkənin etno-linqvistik tərkibi kimi məlumatları yalnız ümumi siyahıyaalma nəticəsində əldə etmək olar. Məhz buna görə də əhalinin siyahıyaalınması, müəyyən sosial, demoqrafik və iqtisadi xüsusiyyətlərə görə ölkədə yaşayan ümumi əhalinin müntəzəm olaraq qeydiyyata alınmasına imkan verən ümummilli əhəmiyyətə malikdir. Siyahıyaalınma prosesinin özəlliklərindən biri də onun prinsplərində özünü biruzə verir ki, bu da öz müqəddəratını təyinetmə prinsipidir. Yəni, lazımi məlumatlar təsdiqedici sənədlərdən deyil, cavabdehin özündən, öz sözlərindən, ifadələrindən əldə edilir. Bu isə öz növbəsində məlumatların daha da dolğunluğunu, dəqiqliyini və ətraflı olmasını təmin edir. Siyahıyaalmanın nəticələrindən geniş şəkildə istifadə olunur. Daha dəqiq desək, bu nəticələr həm demoqrafik, həm də sosial siyasətdə, eləcə də ölkənin, həmçinin bölgələrin sosial-iqtisadi inkişafı üçün proqnoz və proqramların hazırlanmasında çox lazımlı və əhəmiyyətlidir və məhz bu səbəbdən geniş spektrda istifadə ediləcəyi də məntiqidir. Elə bu səbəbdən də əhalinin siyahıyaalınmasının nəticələri və əldə olunan məlumatlar dövlət və ictimai həyatın müxtəlif sahələri üçün dəyərli və çox yararlı hesab olunur. Məqsəd sadəcə statistik göstəriciləri əldə etmək, əhali haqqında ümumi məlumat toplamaqdan daha genişdir. Başqa sözlə, əhalinin siyahıya alınması cəmiyyətin vəziyyətini, iqtisadiyyatını, sosial sferasını və s. müzakirə etməyə imkan verən, müəyyən problemlərin daha effektiv həll olunmasına imkan yaradan, cəmiyyətin ən xırda, ən həssas cizgilərinə qədər əks olunan portretini təqdim edir.

Əhalinin siyahıyaalınması demoqrafik vəziyyətin müəyyənləşdirlməsinə imkanlar yaradır

Əhalinin siyahıya alınmasında müvəffəqiyyəti müəyyənləşdirən əsas işlərdən biri də öncədən məlumatlandırma, əhalinin siyahıyaalma barədə maarifləndirilməsidir. Bu məlumatlandırmada, maarifləndirmədə isə məqsəd əhalinin siyahıya alınmasının dövlət üçün, eləcə də vətəndaşların hər biri üçün əhəmiyyətli olduğunu əhalinin diqqətinə çatdırmaqdır. Bu maarifləndirmə sayəsində ölkə vətəndaşları siyahıyaalınmanın ölkənin, nəticədə də hər bir vətəndaşın inkişafı, eləcə də həyat şəraitinin, rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli olduğu baərədə məlumatlandırılır. Təbliğat və təşviqat kampaniyası həvəsləndiricidir. Bu kompaniya sayəsində hər bir vətəndaş ölkənin ayrı-ayrı ailələrdən, vətəndaşlardan təşkil olunduğunun və ölkənin maraqları onun bütün vətəndaşlarının maraqlarıının məcmusu olduğunun fərqində olur. Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin ölkədə insan kapitalına daha böyük önəm verilməsinin vacibliyini vurğulaması təsdiq edir ki, Azərbaycanda hər bir şəxsin xüsusiyyətlərinin, imkanlarının məcmusu və əhalinin siyahıyaalınmasının bu baxımdan da çox önəmli olması barədə əhalinin maarifləndirilməsi çox vacibdir. İnsan kapitalı şübhəsiz ki, cəmiyyətin ən böyük sərvətidir. İstər regional, istərsə də milli səviyyədə dövlət idarəetməsinin mühüm elementlərindən biri də məhz bu kapitalın kəmiyyət və keyfiyyət prizmasından düzgün qiymətləndirilməsi və ondan istifadə məsələləridir. Əhalinin siyahıyaalınması dövlətin sahib olduğu insan resurslarının statistik məlumat bazasının hazırlanması baxımından da mühüm dövlət əhəmiyyətli kampaniyadır. Əhalinin siyahıyaalınması ilə bağlı vətəndaşların məlumatlandırılması məqsədilə ölkəmizdə təşviqat materiallarının (baner, plakat və videoçarxlar) hazırlanası, bu təşviqat materiallarının yerləşdirilməsi üçün yerli icra hakimiyyətlərinə müraciət edilməsi və onların müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilməsinin təmin edilməsi çox təqdirəlayiqdir və uğurla aparılıb. Bu iş şübhəsiz ki, əhalinin maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir və görünən odur ki, bu əhəmiyyətli işin də öhdəsindən layiqincə gəlinib. Hazırlanmış video çarxların televiziya kanalları, aparıcı elektron media vasitələri ilə, eyni zamanda Bakı Metropoliteni, Milli Park və Dövlət Reklam Agentliyinin müavfiq monitorlarında yayımlanması bunun əyani sübutudur. Gələcəyə doğru inkişaf konsepsiyaları hazırlanarkən ali məqsədlər arasında insan inkişafı, onun uzunömürlülüyü, təhsil və rifahlarla əhatə olunma səviyyəsi, habelə urbanizasiya proseslərinə olan meyillilik, məskunlaşma, xüsusən ucqar ərazilərdə geniştərkibli ailələrin həmişəlik kök salması kimi perspektivlərin ön plana çəkilməsi heç də təsadüfi deyil. Hər bir ölkənin və onun ayrı-ayrı regionlarının gələcək inkişaf konsepsiyasını məhz bu səbəbdən demoqrafik məlumatlarsız təsəvvür etmək qeyri-mümkündür.

Demoqrafik məlumatların əldə olunmasında siyahıyaalınma mühüm rol oynayır

Demoqrafik məlumatların əldə olunması üçün əhalinin siyahıyaalınması klassik və hazırda ən populyar tədbirlərdən biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan əhalinin siyahıyaalınması üçün antik dövrdə də müəyyən cəhdlər olub. Dövlətin ümumi gücü haqqında nəticə çıxarmağa xidmət edən epizodik siyahıyaalma işləri, əhalinin sayı haqqında məlumatların alınması hələ qədim Misir, Yunanıstan, Hindistan, Çin, Yaponiya kimi dövlətlərdə və orta əsrlərdə Avropada da aparılıb. Tarixdə ilk tammiqyaslı əhalinin siyahıyaalınması tədbiri isə 1790-cı ildə ABŞ-da olub. Şübhəsiz, belə tədbirlər hələ demoqrafik problemlərin olmadığı, yaxud çox az şəkildə hiss edildiyi bir dövrdə baş versə də, müasir dövr planetdə insan sayının artması, miqrasiya, məcburi köç kimi əhali məskunlaşmasına birbaşa təsir göstərən hadisələrin çoxalması, bunların da nəticəsində demoqrafik proseslərin idarə olunmasının çətinləşməsi ilə xarakterizə edilir. Dünyada ərazisinə və sahib olduğu təbii ehtiyatların həcminə görə əhali sayının azlığından, yaxud, əksinə, ifrat dərəcədə çoxluğundan əziyyət çəkən, belə problemləri milli təhlükəsizlik səviyyəsində gündəmdə saxlayan ölkələr xeyli saydadır. Əhalinin siyahıyaalınması müstəqil ölkəmizdə də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Mühüm əhəmiyyətə malik bu dövlət tədbiri BMT-nin tövsiyələrinə uyğun olaraq ölkəmizdə hər 10 ildən bir keçirilir. Əvvəlki siyahıyaalmadan fərqli olaraq bu sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar da daxil edilib. Bu sualların sorğuya daxil edilməsi ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq. Bu imkanlar isə öz növbəsində ehtiyacların, xüsusən də əlilliyi olan vətəndaşların ehtiyaclarının müəyyən edilməsində çox vacibdir. Əslində, bu dəfəki sorğuya sözügedən sualların daxil edilməsi sıradan bir təşəbbüs və addım deyil. Əlilliyə dair sualların əlavə edilməsi dövlətin, dövlət başçısı, Cənab Prezident İlham Əliyevin qayğısı, sosial siyasətinin əməli təsdiqidir. Göründüyü kimi, rifah halının yaxşılaşdırılması, ehtiyacların qarşılanması, təminatı, ümumiyyətlə, vətəndaş amili dövlətimizin ən vacib prioritetlərindən hesab olunur. Əhalinin siyahıyaalınması iqtisadi qərarların verilməsi üçün zəruri informasiya mənbəyidir. Belə ki, dövlət milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı əhalinin coğrafi bölgələrə görə yerləşməsi, şəhər və ya kənd əhalisi olaraq paylaşması, ucqar və strateji yerləşmə məntəqələri üzrə məskunlaşması, qadın, kişi, yaşlı və gənc kimi sosial təbəqələrin nisbətini əsas tutur, bu zaman hər kəsin mənafeyinin qorunması və dövlətin ali məqsədlərinin həyata keçməsini təmin edir. Odur ki, əhali haqqında ən dəqiq məlumatların əldə olunması baxımından siyahıyaalınma iqtisadi cəhətdən çox əhəmiyyətlidir.

Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir

Əhali haqqında əldə olunan statistik nəticələr iqtisadi, sosial və humanitar məzmunlu elmi araşdırmaların aparılması baxımından çox qiymətli baza məlumatıdır. Belə ki, hər hansı bir ölkə və yaxud onun regionu haqqında danışarkən onun əhalisi, məşğuliyyəti və iqtisadi-mədəni inkişafından istinadlar gətirilir və bunlar tutarlı arqumentlər kimi həmişə dərin elmi dəyərə malikdir. Buna görə də elmi araşdırmalar zamanı qarşıya çıxan problemlərin obyektiv prizmadan dəyərləndirilməsi sahib olduğumuz insan resursları və yaxud iqtisadi fəal əhalinin mövcud və perspektiv potensialının təhlili olmadan mümkün deyil. Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev mətbuata açıqlamasında bildirir ki, əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. R.Allahverdiyev qeyd edir ki, əhalinin siyahıyaalınması əhalinin hətta kiçik bir məskunlaşma yerində olsa belə həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. O, həmçinin vurğulayır ki, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar və ayrılıqda şəhər və qəsəbələr, bütövlükdə ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür. Əhalinin siyahıyaalmasının tam və hərtərəfli tərifi BMT-nin Statistika Komissiyası tərəfindən verilib və həmin tərif siyahıyaalınmanı aydın şəkildə izah edir. Həmin tərifə əsasən, “əhalinin siyahıyaalınması zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplaması, yekunlaşdırılması, qiymətləndirməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasının vahid prosesidir”.
Bir sözlə, birmənalı şəkildə demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir. Xüsusilə nəzərə almaq lazımdır ki, siyahıyaalınmanın müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın belə üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğunu nəzərə alaraq cəsarətlə demək olar ki, əhalinin siyahıyaalınması nəticəsində əldə edilən məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə